Ruhi Əliyeva itkin düşən 21 yaşlı Pərvanədən yazdı
    • 15-01-2022, 22:26
    • 380

Ruhi Əliyeva itkin düşən 21 yaşlı Pərvanədən yazdı

"Bu günün daha bir neqativ xəbəri ovqatımı alt-üst elədi. Bakının Nəsimi rayonunda yaşayan 21 yaşlı Pərvanə Məmmədova evdən çıxıb geri qayıtmayıb. Fotosuna baxıram, gözəl, yaraşıqlı, parlaq, işıqlı gözləri olan gənc bir xanımdır. Və o, bir aydır ki, yoxa çıxıb. 
Düşünürəm, onun gözündəki, həyatındakı işığı söndürən, onu yoxa çıxaran kim, hansı səbəbdir görən?"

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb. 
İş xanımı bildirib ki,  Pərvanə itən, yoxa çıxan nə birinci, nə sonuncudur: "Az qala hər həftə 15-30 yaş arasında yeniyetmə və gənc qızların itkin düşməsi, yoxa çıxması kimi xəbərlər eşidirik. Məsələnin daha ağrılı tərəfi isə odur ki, bu cür xəbərlərə qulağımız alışıb. Sanki belə məlumatlar daha cəmiyyəti təəccübləndirmir, qayğılandırmır.
Üstəlik, çoxları etinasızca “İtkin düşdü”, “Evdən çıxıb, geri qayıtmayıb” kimi yazılara ən neqativ, ən canyaxan şəkildə yanıt verirlər.  Əxlaq hakimi, namus mücəssəmələri kimi yarğılayırlar.
Halbuki bu, hər birimizi narahat edəcək, ciddi təhlil mövzusu olacaq məsələdir. 
Bu səbəbdən də hər kəsi, ilk olaraq xanımları evdən qaçıran, yaxud “yoxa çıxaran” nədən düşündürməlidir. Onların hansısa peşəkarın qurbanı, yoxsa, evdə gördükləri şiddətdən xilas olmağa can atmaq üçün qeybə çəkiliblər deyə bu məsələ araşdırılmalıdır.
Bu yöndə verilən xəbərlərdən sonra tapılan qadınların, qızların açıqlamaları çox zaman bir-birinə bənzəyir. Ünvanlar müxtəlif olsa da, səbəblər oxşar olur.
Kimisi zorla evləndirildiyi acımasız həyat yoldaşından, kimisi dözülməz sosial vəziyyətindən, kimisi də onu anlamayan valideynlərinindən qaçır.
Təbii ki, sosial-iqtisadi durum, dolanışıq qayğıları çoxlarını yanlış addımlara, girdaba çəkir. Eyni zamanda son dövrlərdə qurulan ailələrin təməlinin zəif olması, sosial şəbəkələr də bu kimi hadisələrin yaşanmasına səbəb olur. Amma məncə, ən başlıca səbəb  təhsilsizlikdir. Qızların, qadınların yetərli və gərəkən səviyyədə təhsil ala bilməməsidir. Qadını özgüvənli, iqtisadi baxımdan müstəqil, cəmiyyətdə sayılıb-seçilən, fikrinə önəm verilən birinə çevirən səbəb məhz onun təhsilidir. 
Təhsilli qadın, dünyagörüşlü vətəndaş, ziyalı ana, ailə institutunu mükəmməl bilən həyat yoldaşı, özgüvənli xanım, sağlam cəmiyyətin yaradıcısı deməkdir.  Nelson Mandelanın təbirincə desək, dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir".