“Ulduz” şokolad fabrikində ŞOK HADİSƏ – Şokolad qarışdıran aparata metal əşyalar atdılar
    • 25-01-2022, 13:12
    • 747

“Ulduz” şokolad fabrikində ŞOK HADİSƏ – Şokolad qarışdıran aparata metal əşyalar atdılar

“Veysəloğlu” şirkətinə məxsus “Ulduz” şokolad fabrikində işləyən və iş prosesi zamanı şokolad qarışdıran aparatın içinə bolt və digər əşyalar atan şəxslər barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən və Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmə- zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, fabrikdə istehsalatda çalışan 1993-cü il təvəllüdlü Pərviz İsmayılov və 1992-ci il təvəllüdlü Tural Qasımzadə işi pozmaq, əlavə istirahət vaxtı qazanmaq və aparatı xarab etməklə işdən yayınmaq məqsədilə belə bir hərəkət ediblər.

Belə ki, “Ulduz” fabrikinin İstehsalat və texniki işlər departamentinin İstehsalat şöbəsinin "Çinar" xəttinin operator köməkçisi vəzifəsində işləyən Tural Qasımzadə istirahət etmək və iş fasiləsi yaranması üçün cəmiyyətin “Conbar” markalı şokolad tökmə avadanlığını yararsız vəziyyətə salmaqla işi dayandırmaq barədə həmin şöbənin Çinar xəttinin şokolad tökmə maşınının operatoru Pərviz İsmayılovun təhriki ilə razılaşıb özgənin əmlakını qəsdən məhv etmək məqsədilə metal əşyaları avadanlığın daxili mexanizmi konturmikserə qəsdən atıb. Lakin metal əşyalar xırda həcmdə olduğundan avadanlığı zədələmədiyi üçün, növbəti gün məqsədlərinə nail olmaq üçün öz əməllərini davam etdirərək cəmiyyətin birinci mərtəbəsində dəhlizdə yerləşən elektriklərin çantasından əldə etdikləri bir ədəd iri həcmli dəmir boltu avadanlığın daxili mexanizmi,nə atıblar.

Beləliklə, “Conbar” markalı şokolad tökmə avadanlığının 41.500 manat dəyərində D464/394/Aİ K 90 soyuducu baraban gövdəsi, 2 ədəd cəmi 137.400 manat dəyərində D650/620/Aİ 1390 soyuducu baraban gövdəsi, 1 ədəd 43.270 manat dəyərində D464/434Aİ 1390 soyuducu baraban gövdəsinin formalaşdırıcı valları həmin metal boltla əzilib məhv edilib. Həmçinin avadanlığın təmiri, quraşdırılması, tənzimlənməsi işləri nəticəsində şirkətə ümumilikdə 222 170 manat məbləğində külli miqdarda ziyan vurulub.

Məlum olub ki, bu şəxslərin əməlləri fabrikin istehsalat sahəsindəki kamera görüntüləri araşdırılarkən üzə çıxıb. 

Təqsirləndirilən şəxslər barəsindəki məhkəmə prosesi yanvarın 13-də bitib.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birini 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və onların cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.