Son 3 ildə BDU-nun rektoruna tələbələrdən birbaşa 11035 müraciət daxil olub
    • 9-03-2022, 14:15
    • 782

Son 3 ildə BDU-nun rektoruna tələbələrdən birbaşa 11035 müraciət daxil olub

Son illər Bakı Dövlət Universitetində (BDU) tədrisin təşkili və təkmilləşdirilməsi üçün tələbələrin yeni ideya, təklif, layihələrinin öyrənilməsinə, həmçinin irad və şikayətlərinin araşdırılmasına xüsusi fikir verilir. 

News24.az xəbər verir ki, universitetin əsas binasında bilavasitə BDU rektoru Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda Universitetin bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi açılıb. 

“Tələbə müraciətləri qutusu” və “Tələbədən rektora” müraciət bölməsi vasitəsilə bu günədək BDU-nun rektoru Elçin Babayevə 11035 müraciət daxil olub. 

Rektora birbaşa olaraq 2019-cu ildə 2098, 2020-ci ildə 3392, 2021-ci ildə isə 4757 müraciət olub. Bu ilin iki ayı ərzində BDU rektoruna 788 tələbə müraciət edib. 

Daxil olan müraciətlər daha çox təhsil haqlarının ödənilməsinə möhlətin verilməsi, yataqxana təminatı, yenidən təhsilə bərpa, aztəminatlı tələbələrə kömək, eləcə də yeni ixtisasların açılması, ikili diplom və mübadilə proqramlarının artırılması, layihələrinin dəstəklənməsi və s. ilə bağlı xahiş və təkliflər olub. 

Tələbələrin hər bir müraciəti fərdi qaydada qeydə alınıb, öyrənilib, aidiyyəti üzrə tədbirlər görülüb.