Bakıda yüksək vəzifəli şəxs yeni ailə qurduğu xanımını vəhşicəsinə döydü
    • 14-03-2022, 12:53
    • 2 980

Bakıda yüksək vəzifəli şəxs yeni ailə qurduğu xanımını vəhşicəsinə döydü

Bakı şəhər Nəsimi rayon Məhkəməsində ötən il avqustun 18-də Nəsimi rayonu Azər Əliyev küçəsindəki mənzildə həyat yoldaşı T.Məmmədlini döyərək xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Əli Məmmədli (soyad şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, məhkəmədə bildirilib ki, Əli T.M ilə ötən ilin avqust ayının əvvəlində ailə qurub. Lakin nişanlı vaxtlarından etibarən gənc qızın qısqanclığı onların arasında tez-tez münaqişə və mübahisələrin yaranmasına səbəb olub. Hətta T.M bir dəfə Bakıda özünü maşının altına atıb, hər dəfə nişanlısının başqa qadınlara baxdığını fərziyyə edərək söz-söhbət yaradıb. Ötən il avqustun əvvəlində onlar evlənsə də, qısqanclıq məsələsi davam edib. Cütlük Türkiyənin İstanbul şəhərinə gedərkən gənc qız yenə qısqanclıq edərək dava-dalaş salıb İstanbul küçələrində hirslənərək qaçmağa başlayıb. Nəhayət ötən ilin 18 avqustunda eyni məzmunlu münaqişə Bakıda cütlüyün evində də davam edib. Həyat yoldaşının qısqanc davranışlarına, heç bir səbəb olmadan münaqişə yaratmasına, onun ağlamasına, təpiklə zərbələr endirməsinə dözməyən Əli özündən çıxaraq bir neçə gün əvvəl ailə qurduğu həyat yoldaşını öyüb.  

18 avqust 2021-ci il tarixdə saat 20 radələrində evdə yaranmış mübahisə zamanı Əli əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması), sol diz oynaq nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinlik halında əziyi, hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hər iki sağrı və sağ diz oynağı nahiyələrinin qançırları və bel nahiyəsinin sıyrığı kimi, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.

Məhkəmədə T.M Əli ilə barışmadığını, onu bağışlamadığını deyib. Əli isə hər şeyə T.M-in qısqanc hərəkətlərinin səbəb olduğunu deyib.

Məhkəmə Əli Məmmədlini 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib və Zəfər günü ilə bağlı Amnistiya Aktını əsas tutaraq onu cəzadan azad edib. 

Qeyd edək ki, təqsirləndirilən şəxs yüksək vəzifədə çalışır.