21 mart “Beynəlxalq Meşələr Günü”dür
    • 21-03-2022, 10:05
    • 1 101

21 mart “Beynəlxalq Meşələr Günü”dür

Meşələrin vacibliyini, meşəbərpa işlərinin önəmini vurğulamaq, ağac əkinini təşviq etmək məqsədilə hər il 21 mart  “Beynəlxalq Meşələr Günü” kimi qeyd olunur. Azərbaycanda da davamlı olaraq genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

News24.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

Mütəxəssisin fikrincə, meşəbərpa işləri məqsədyönlü və elmi əsaslarla həyata keçirilməlidir.  Meşəliklər salınarkən ərazinin torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin seçilməsi vacibdir. 

“Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins əkinlərə deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük verilir. Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və estetik xassələri kifayət qədər yüksəkdir. Artıq biz də, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq tipli meşə əkinlərinə xüsusi önəm veririk. Eyni zamanda, torpaqda suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 000-dən çox meşəcinsli ağacın əkilməsi, 6000 kiloqramdan çox toxumun səpilməsi planlaşdırılır.

Həyatımızda meşələrin və ağacların əhəmiyyətini vurğulayan Beynəlxalq Meşələr Günümüz mübarək!