Həvəskarı sənətkara çevirən məktəb -Bərdə Peşə Liseyindən VİDEOREPORTAJ
    • 14-04-2022, 17:04
    • 313

Həvəskarı sənətkara çevirən məktəb -Bərdə Peşə Liseyindən VİDEOREPORTAJ

Bərdə peşə liseyinə infotur təşkil edilib. 

News24.az xəbər verir ki, infoturda Milli Məclisin deputatları Vüqar Bayramov, Aydın Mirzəzadə, Fatma Yıldırım, Ceyhun Məmmədov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, Sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, həmçinin media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Turun təşkilində məqsəd liseydə yaradılan şərait, tədris prosesi ilə bağlı ətraflı bilgi vermək, məlumatlandırmaqdır. 

Infotur liseylə bağlı videoçarxın nümayişi ilə başlayıb. Daha sonra liseyin direktoru İlham İlyasov təhsil ocağı haqda danışaraq buranın 1952-ci ildən fəaliyyət göstərdiyini və 1996-cı ildə lisey statusu aldığını deyib: “Peşə liseyində hazırda 27 ixtisas üzrə 651 tələbə təhsil alır. Tələbələrin istehsal təcrübəsinin səmərəli keçməsi üçün 4 minə yaxın avadanlıqla təchiz edilən otaqlar fəaliyyət göstərir. 100 tələbənin qala biləcəyi 2 yataqxanamız var. Liseyimizdə təhsil almaq üçün yalnız Bərdədə yaşayan gənclər deyil, eyni zamanda qonşu rayonlardan da müraciət edənlər var”. 

Liseyin direktorunun məlumatına görə, burada 12 müxtəlif rayondan gələn tələbələr təhsil alır. Məktəbə qəbul 9 və 11 ci siniflərdən aparılır. Eyni zamanda peşə liseyində əvvəlki illərin məzunları müxtəlif peşələrə yiyələnmək üçün müraciət edirlər. 

Müxbir: Qumral ƏLİYEVA
VİDEO/
FOTO: Nicat NİFTƏLİYEV