Həmişə təmizlikdə: Bakıda heykəllər yuyuldu
    • 18-04-2022, 19:10
    • 345

Həmişə təmizlikdə: Bakıda heykəllər yuyuldu

Beynəlxalq abidələr günü münasibətilə Bakıda “Təmiz heykəl”adlı layihə həyata keçirilib.

News24.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət nümayəndələri - Xurşidbanu Nətavan, Nizami Gəncəvi, M.Ə.Sabir, Yusif Məmmədəliyev, H.Z.Tağıyevin,  eləcə də, M.F.Axundovun ”İstiqlal”abidəsi yuyularaq təmizlənib. 

“Təmiz heykəl” Xurşidbanu Nətavanın heykəlinin təmizlənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, layihənin məqsədi yalnız bu heykəlləri təmizləmək yox, həm də tarixi şəxsiyyətləri gənc nəsillərə tanıtmaqdır: “Mütəmadi olaraq tarixi abidələrimizi qorumaq üçün maarifləndirmə işləri aparılır. Bu məqsədlə konfransalar, sərgilər keçirilir. Bu gün də “heykəlləri qoruyaq” şüarı altında təşkil olunan “Təmiz heykəl” layihəsinin məqsədi təkcə bu abidələri təmizləmək yox, eyni zamanda onları tanıtdırmaq, bu şəxsiyyətlərin yaradıcılığı barədə insanları məlumatlandırmaq məqsədi daşıyır.”

Heykəltəraş Azad Əliyev də bu təşəbbüsü müsbət qiymətləndib. O,  çox aktual məsələlərdən biri - tarixi abidələrin üzərində ad –soyadın kiril əlifbası ilə yazılması mövzusunu diqqətə çəkib :

“Heykəlin üstündəki yazı müəllifin əsərinin tərkib hissəsidir. Ona görə də həmin yazılara toxunmaq olmaz. Ancaq o yazıların yanında məlumat lövhələri qoyulsa, həm yerli sakinlər, həm də turistlər bu şəxsiyyətlərin yaradıcılığı ilə tanış ola bilər.

Tarixçi Fuad Axundov bu qəbildən olan tədbirləri müsbət qiymətləndirir. Lakin o, bu tədbirin kampaniya xarakteri daşımamalı olduğunu da qeyd edib: “Bu tədbirlər mütəmadi olmalıdır. Sadəcə, bir dəfə yumaqla kifayətlənmək lazım deyil. Həm bu heykəllərin baxımına, həm də ətrafının təmizliyinə diqqət göstərilməlidir. Heykəllər üzərindəki kiril əlifbası ilə olan yazılara gəldikdə isə bu yazılar kompozisiyanın tərkib hissəsidir. Mən də düşünürəm ki, bu yazıları dəyişmək tarixi abidələrin orjinallığını poza bilər.”

Qeyd edək ki, Bakıda başlayan bu təşəbbüs regionlarda da davam etdiriləcək.

Müxbir: Qumral ƏLİYEVA
VİDEO/FOTO: Nicat Niftəliyev