Kimliyimizin izi - Şuşa
    • 20-04-2022, 16:34
    • 297

Kimliyimizin izi - Şuşa

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanan "Şuşa kataloqu"nun təqdimatı olub.

News24.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli , Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iştirak edib.  

Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı nəşrin əhəmiyyətindən bəhs edib. 

"Şuşa ili" çərçivəsində hazırlanan kataloqun əhəmiyyəti arxiv sənədi qismində müstəsnadır.”

Azad Cəfərli eyni zamanda qeyd edib ki, “2022-ci il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa ili” elan ediliməsi Dövlət Xidmətinin qarşısında  yeni məqsədlər, yeni vəzifələr qoyub. Bu gün təqdimatını keçirdiyimiz  “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa ili”nə verilən töhfədir.

İki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda tarix-mədəniyyət abidələrinin hazırki vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. 
 
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılıb. 

“Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır. Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir və bu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb”.
 
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov kataloqda əks olunan faktların gələcək nəsillər üçün, Azərbaycan gerçəklərini dünya ictimaiyyətinə daha tutarlı təqdim edə bilməyimiz üçün  fakt toplusu adlandırıb:

“Bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistan Respublikasının işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına tutarlı sənəd qismində çıxış edəcək”. 
 
Tədbirin sonunda media mənsublarının sualları cavablandırılıb.