Müstəqil həyatın ilk zəngi- VİDEOREPORTAJ
    • 14-06-2022, 19:21
    • 1 174

Müstəqil həyatın ilk zəngi- VİDEOREPORTAJ

Bu gün onlar üçün məktəb zəngi son dəfə çalındı. 11 il oturduqları  sinif otaqları, divarı-daşı doğma  məkan, ikinci evləri onları böyük həyata yola salırdı. 

Bu yolun astanasında sevinən də vardı, ağlayan da, hay-küyü ilə içindəki nigarançılığı gizlədən də…
Amma hamısı 11 ilin xatirəsini içinə sığışdırdıqları bu günü məktəbli həyatının son gün kimi yaşamağa onu daha özəl, daha yaddaqalan etməyə can atırdı. 


Məzun lentinə ən fərqli sözü yazan da, ən zəhmli müəllimlə şəkil çəkdirən də, illər uzunu yola getmədiyin sinif yoldaşını bağrına basan da bu günün məhz son olmasının yalnız indi fərqinə varırdı. 
Elə valideynlər də… Kənardan baxıb boyunu oxşadıqları balalarının “illər necə tez keçdi, böyüdülər deyə  zamanın tez keçməsindən bəzən gileylənir,  bəzən sevinirdilər. 


Bir də müəllimlər. On birinciləri gözü ilə əzizləyib gələcəkdə kim olacağını təxmin etməyə çalışan, nadincini, səs-küylüsünü, sakit, qaradinməzini, əla oxuyanını, yerindən danışıb dərsi pozanının hər birini  bir ayrı sevən müəllimllər… 
Son zəng bu gün onların hər biri üçün çalınırdı. Kiminin xatirələri, kiminin keçmişi, kiminin gələcəyi üçün…


News24.az  paytaxt məktəblərindən biri – Binəqədi rayonunda yerləşən 143 saylı orta məktəbdə keçirilən “Son zəng” tədbirlərindən birində iştirak edib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

143 saylı məktəbin direktoru Elmar Həşimov çıxış edərək şagirdlərinə gələcək həyatında uğurlar diləyib. O qeyd edib ki, yetirmələrinə başlıca arzusu onları vətənə, xalqa, cəmiyyətə yararlı şəxsiyyət kimi görməkdir: " Bu günə qədər əsas işimiz xalqa xidmət edə biləcək gənclər yetişdirmək olub. Gələcəkdə də işimizi də elə qurmalıyıq ki, bu gənclər Vətənə, torpağa, xalqa bağlı vətəndaş kimi yetişsin. Azərbaycanın adını yüksək kürsülərdə, mötəbər məclislərdə ləyaqətlə təmsil eləsinlər. Sözsüz ki, hər zaman hədəfimiz bu olub. Müəllimlərimizin təlim-tərbiyəsinin nəticəsidir ki, Vətən Müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Onların yüksək vətənpərvər hisslərlə yetişdirilməsi bizim başlıca qayəmizdir".

Daha sonra şagirdlərin ilk müəllimləri və sinif rəhbərləri XI sinfi uğurla başa vurmaları münasibətilə onları təbrik edib, məzunlara  yeni-yeni nailiyyətlər arzulayıb.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəblilər "Son zəng"i çalaraq təhsil illərini yekunlaşdırıblar.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

Müxbir: Qumral ƏLİYEVA
Video: Nicat Niftəliyev
Foto: Teymur Məmmədov