"Gürzə ilan sancmaları ilə bağlı müraciətlər artıb" - Azər Maqsudov
    • 1-07-2022, 13:06
    • 1 244

"Gürzə ilan sancmaları ilə bağlı müraciətlər artıb" - Azər Maqsudov

Hazırda yay fəsili olduğundan zəhərlənmələrin sayında artım müşahidə olunur. Nəticədə, zəhərlənmələrlə bağlı tibbi müəssisələrə müraciətlər çoxalıb

Bu mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov News24.az-a açıqlama verib:“Hazırda gürzə ilanın sancmaları ilə bağlı müraciətlər artıb.  Aprel ayında 7, may ayında isə 12 nəfər bununla bağlı müraciət edib. Hazırda da belə müraciətlər davam edir. İlan zəhərlənməsinin əsas səbəbi yay mövsümü olmasıdır. Çünki insanlar istirahətə gedirlər və təbiətdə dincəlirlər. Çay kənarları, meşələrdə istirahət edəndə ilan sancmasına məruz qalırlar. Bakı şəhərində ilan sancması ilə müraciət edən xəstələrin sayı azlıq təşkil edir. Ən çox Hacıqabul, Şirvan, Kürdəmir, Bərdə, Yevlax, Şəmkir, Tovuz, Şamaxı və Qəbələ rayonlarında bu hal daha çox  müşahidə olunur. Bizim mərkəzdə, demək olar ki, ölüm halları olmur. Regionlarda xəstələr ağır vəziyyətdə olanda, ilkin tədbirlər görülməyəndə ölüm halları qaçılmazdır”. 

Azər Maqsudov ilan sancması zamanı hansı ilkin tədbirləri görmək lazım olduğunu da vurğulayıb: “İlan sancması zamanı xəstə hərəkətsiz qalmalıdır. Çünki gürzə ilanı ən çox yuxarı və aşağı ətrafları sancır. Yaraya yod məhlulu sürtmək lazımdır. Yaranı çərtmək, kəsmək, qatıq və sarımsaq sürtmək olmaz. Çünki bu zaman yaraya infeksiya keçir. Bu ilkin tədbirləri gördükdən sonra xəstə tibbi müəssisəyə aparılmalıdı. Mütləq şəkildə həkimin nəzarəti altında ilan zəhərinə qarşı zərdab vurulmalıdır”. 

Vüsalə Babaşova