Azərbaycan məktəblərində kişi müəllimlər NİYƏ AZALIR? – Ekspertdən HƏYƏCAN TƏBİLİ
    • 5-09-2022, 12:02
    • 544

Azərbaycan məktəblərində kişi müəllimlər NİYƏ AZALIR? – Ekspertdən HƏYƏCAN TƏBİLİ

Azərbaycan məktəblərində kişi müəllimlərin sayı ildən-ilə azalır. Bu amil valideynləri narahat edən məqamlardan biridir. Çünki şagirdlərin bir fərd kimi yetişməsində kişi müəllimlərin mühüm rolu olur. 

Məsələ ilə bağlı Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmovla həmsöhbət olduq.

O News24.az-a açıqlamasında problemin səbəblərindən danışıb:

 “Məktəblərdə qadın müəllimlərin sayının çoxalmasına elmi dildə müəllimlik peşəsinin feminizasiyası deyilir. Dünyanın hər yerində bu proses yaşanır. Artıq müəllimlik peşəsi qadınlaşır. Səbəblər isə çoxdur. Ailədə kişi idarəetmə mövqeyində olduğu üçün aldığı məvacib ona yetmir. Digər bir səbəb kimi qadınların təbiət etibarilə uşaqlarla vaxt keçirmə,  qayğı göstərmə qabiliyyətinin yüksək olmasını qeyd edə bilərik. Bundan əlavə, təhsil müəssiələrində rəhbər olan şəxslərin daha çox qadın olduğunu nəzərə alsaq, həmcinslərinə rəğbət bəsləyib, üstünlüyü onlara verirlər. Bir səbəb də var ki, Şərq cəmiyyətlərində müəllimlik peşəsinin qadınlara uyğun olduğu düşünülür. Ümumilikdə bu nüanslar müəllimlik peşəsini qadınlaşdıran faktorlardır”. 


Ekspert müəllimlik peşəsində qadınların üstünlük təşkil etməsinin nəticələrindən də söz açıb: “Gender balansı qorunmadığı təqdirdə uşaqlarda qadın davranışları daha çox önə çıxır. Həmin uşaqlar böyüdükdən sonra idaretmədə də emosiyaları ön planda saxlayırlar. Burada cinsin heç bir fərqi yoxdur. Qız uşaqları da bu səbəblərdən təsirlənir. Hər iki cins ərgənlik çağında əks cinslə ünsiyyətdə olmalı, tərbiyə və ya təhsil almalıdır. Bu mənada uşaqların cinsi və psixoloji inkişafı əks cinsdən yaxşı nümunələri görməsi ilə əlaqədardır”.


Q.Məhərrəmov vurğulayıb ki, məktəblərdə kişi müəllimlərin sayını artırmaq üçün müəyyən addımlar atılır: “Məvaciblər yüksəldilir, əməkhaqqına əlavələr verilir, imtahanlarda yaxşı nəticə göstərənlərə təqaüdlər ayrılır və s. Müəyyən qədər bu üsullar öz effektini göstərir. Artıq müəllimlik ixtisası priotitet kimi seçilir. Təsadüfi deyil ki, bu il müəllimlik ixtisasının balları yüksəldilib. Bu, onu göstrərir ki, Azərbaycanda müəllimlik peşəsinə rəğbət get-gedə artır. Lakin ümumi mənzərəni dəyişməyimiz üçün yolumuz çox uzundur. Balans çoxdan pozulub və bərpası üçün uzun illər lazımdır”.