DSMF-nin rəhbəri Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib
    • 28-10-2022, 14:16
    • 157

DSMF-nin rəhbəri Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sədri beynəlxalq təşkilatın büro üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib

Bu barədə News24.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, ölkədə aparılan sosial islahatlara beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin növbəti göstəricisi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu beynəlxalq müstəvidə daha bir uğura imza atıb.

Fondun sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində keçirilmiş iclaslarda dünya ölkələri təmsilçilərinin səsverməsi ilə BSTA-nın Bürosunun üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib.

H.Məmişovun sədr seçildiyi İdarəetmə Komitəsinə Azərbaycanla yanaşı, 9 ölkənin (Türkiyə, Macarıstan, Polşa, Belçika, Fransa, Qazaxıstan, Niderland, Böyük Britaniya, İtaliya) müvafiq qurumlarının rəhbərləri üzv seçilib.

1927-ci ildə təsis edilmiş BSTA 160-dan çox ölkənin 330-dək sosial təminat qurumunu özündə birləşdirən və dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.

Həmin Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq, eləcə də sədrlik etməklə, Fond beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm əhəmiyyətə malik qərarların qəbul edilməsində, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsində, əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və həmçinin maliyyə məsələləri üzrə qərarların verilməsində yaxından iştirak edəcək.