“Çələbi xan” tarixi dramı nümayiş olundu -FOTOLAR
    • 21-12-2022, 17:51
    • 618

“Çələbi xan” tarixi dramı nümayiş olundu -FOTOLAR

Xaqani Əliyevin “Çələbi xan” tarixi dramının Şəki Dövlət Dram Teatrında içtimai baxışı olmuşdur. 

News24.az Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda  Xaqani Əliyevin “ Çələbi xan” tarixi dramı əsəri əsasında eyni adlı tamaşanın ictimai baxışı olub.

İctimai baxışda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçisi Emin Əliyev iştirak ediblər.

Tarixi dram Şəki xanlığını yaradan, tariximizdə hikmətli və cəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda apardığı mübarizədən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən bəhs edir. Çələbi xanın Nadir şahla mənəvi mübarizəsi, zülm və ədalətin daimi mübarizəsi fövqündə təsvir edilir və əsərin əsas süjet xəttini təşkil edir. 

Tarixi dramda Çələbi xanın Azərbaycan xanları ilə, xüsusən Nadir şahın ölümünə fərman verdiyi Qarabağlı Pənahəli xanla münasibətlərinə, tariximizin qara ləkəsi olan ”Qızılqaya xəyanəti”indən bəhs edilməklə bu hadisə zamanı Çələbi xanın tutduğu əsl Azərbaycan kişisinə xas olan mövqeyinə geniş yer verilmişdir. 

Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur. 

Bir-birindən maraqlı, rəngarəng  tarixi obrazların yer aldığı  tarixi tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirzəzadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov  rol almışlar.
Tamaşa tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanmışdır.