"Neqativ xəbərlər gənclərdə aqressiya yaradır" – Deputat
    • 23-12-2022, 12:54
    • 196

"Neqativ xəbərlər gənclərdə aqressiya yaradır" – Deputat

"Bir çox gənclər sonunu düşünmədən cinayətə əl atır, hətta qətl törətməkdən belə çəkinmirlər. Bunu əsasən, cəmiyyətdə baş verən faciəli hadisələr və onlarla bağlı yayılan informasiyaların gənclərdə yaratdığı stress, psixoloji sarsıntıların fəsadı kimi qiymətləndirmək olar".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat qeyd edib ki, sosial şəbəkələrdə hər gün neçə-neçə üzücü, mənfi məlumatlar yayılır. Təbii ki, bunlar gənclərdə ciddi sarsıntılara səbəb olur. İnsanlar arasında etibarsızlığın, güvənsizliyin yaranmasına gətirib çıxarır, aqressiya yaradır:  

“İnsan qətli hər iki tərəf üçün faciədir. Heç bir normal insan istəməz ki, belə hallara yol versin. Ələlxüsus gənclərin belə əməllər törətməsi çox üzücüdür. Digər yaş həddi ilə müqayisədə gənclərin qətl törətmə hallarının artması ilk növbədə onların çılğın, səbirsiz və ani qəzəblə addım atmaları ilə bağlıdır. İndi gənclər çox səbirsiz olublar. Onlar gördükləri bütün hadisələrdən tələsik və aqressiv nəticə çıxarırlar. Təmkinli deyillər, hadisələrin gedişini tam izləmir, emosiyalara daha tez qapılırlar. Onlar adi bir söz, bir hərəkətə reaksiyalarında belə cinayət törədirlər, hətta, insan qətlinə səbəb olurlar. Sözsüz, bunun qarşısının alınması üçün müvafiq orqanlar lazımi tədbirlər görürlər. Bu yöndə maarifləndirmə tədbirlərinin sayı və səmərəsi artırılmalıdır. Çünki bu gün dünyada baş verən hadisələr, müəyyən ədalətsizliklər, böhtan kampaniyaları nəinki ahıl adamların, eləcə də gənc qızlarımızın, oğlanlarımızın psixologiyasına çox ciddi təsir göstərir".

Aynurə