“Necə edək ki, vətəndaşa ziyan vuraq?” - “Azəriqaz”ın bitməyən “təmir”ləri
    • 9-01-2023, 14:31
    • 411

“Necə edək ki, vətəndaşa ziyan vuraq?” - “Azəriqaz”ın bitməyən “təmir”ləri

Qış fəslinin gəlməsi ilə bərabər ənənəvi problemlər də özünü büruzə verdi. Vətəndaşlardan redaksiyamıza tez-tez daxil olan şikayətlərdən biri də təbii qazın verilişində fasilələrin yaranmasıdır. 

Problemlə bağlı qurumun “qaynar xətt”i ilə əlaqə saxladıqda “təmir gedir, filan saatda qaz veriləcək” kimi cavablar eşidirik. Niyə “eşidirik” yazdıq? Çünki jurnalistlər də vətəndaşdır və biz də eyni problemlərlə üzləşirik. 

Bu problem bütün vətəndaşlar üçün ağrılı bir vəziyyətdir. Ancaq bu soyuq aylarda ailəsində körpə, yaşlı və ya səhhətində narahatlıq olan şəxslər üçün “mavi yanacağ”ın kəsilməsi dəhşətli hadisədir. 


Bəs, görəsən, illərdir eşitdiyimiz, sonsuzluğa uzanan bu “təmir gedir” cümləsindən qulaqlarımız nə vaxt azad olacaq? 

Digər bir sual isə odur ki, bu problem yalnız bizdədir, yoxsa dünyanın ən inkişaf etmiş ölkələrində də yaşanır? 

İqtisadçı-ekspert Xalid Kərimli məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb: 

“Azəriqaz İstehsalat Birliyi son dövrlər abonentlərini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın qazlaşma səviyyəsini 96 faizə qədər qaldırıb. Abonentlərin sayə isə 2,2 milyon nəfərə qalxıb. “Azəriqaz” İB-in də tabe olduğu Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılanda əsas məqsəd dövlət qurumlarının idarəetməsinin təkmilləşdirilməsi, qənaətin edilməsi, resursların səmərəsiz istifadəsinin qarşısının alınması və əhaliyə xidmətin keyfiyyətinin artırılması idi. Ancaq ötən illə müqayisədə ciddi işlərin olduğunu deyə bilmərik. Əhalinin şikayətləri də bunu deməyə əsas verir. 

Bir məsələni də qeyd edim ki, Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, “Azəriqaz” İstehsalat Birliyindən əhalinin neçə faizinin razı, neçəsinin narazı qaldığını dəqiq bilmirik”. 

O, daha sonra sözlərinə belə davam edib: “Azərbaycan doğrudan da qazlaşmaya görə inkişaf etmiş ölkələrin səviyyəsindədir. Avropada qazın qənaəti ilə bağlı məhdudiyyətlər var. Ancaq Azərbaycan neft-qaz ölkəsidir. Bizdə qazın həcmi ilə əlaqəli yox, əhaliyə çatdırılması ilə bağlı problemlər var. Dövlət təşkilatları qışa daha yaxşı hazırlaşmalıdırlar. Azərbaycanın qaz infrastrukturu sıfırdan hazırlanmayıb. Bu infrastrukturun böyük qismi sovet dönəmindən qalıb. Boruların çoxu köhnədir və yenilənməlidir. Buna görə də hadisə təbii ki, ola bilər, əsas məsələ qurumun problemə reaksiyasıdır”.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, problemin həll olması mümkün deyil: “Çünki bizdə xidmətlərin bir çoxu vətəndaşı qane etmək üçün yox, pul qoparmaq üçün nəzərdə tutulur. Qaz, işıq, su və və s. kimi istiqamətlərdə prinsip belədir: “necə edək ki, vətəndaşa ziyan vuraq”, “necə edək ki, pulu olan adamın pulunu əlindən alaq” və s. 

Son zamanlar qaz limiti ilə bağlı da çoxsaylı problemlər ortaya çıxıb. Əksər hallarda fırıldaqçılıqla qarşılaşırsan. İl dəyişib, ancaq bəzi vətəndaşlar tariflər və limitlə bağlı rəqəmlərdə dəyişikliyin olmadığını qeyd edirlər. Çox sayda insan bu məsələyə görə vəsait itkisi ilə üzləşir. Bu nüansa görə vətəndaşlar dəfələrlə balanslarına pul yükləməyə məcbur olurlar. Bu problemlərin hamısının səbəbi odur ki, idarəetmənin doğru yolu tapılmayıb. Biz Avropa məkanına uyğun münasibətlər sistemi qurmalıyıq. Qaz və digər istiqamətlərdəki problemlər vətəndaşı narahat etməməlidir. Azərbaycanda heç bir sahə standartlara uyğun qurulmayıb. Yaxın gələcək üçün isə ümidverici söz demək çətindir”. 

Millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanda qazla bağlı ciddi problem olmamalıdır: “Təmir məsələlərini və s. ya kökündən həll edilməli, ya da minimuma çatdırılmalıdır. Bu, “Azəriqaz”-ın borcudur. Sızmalar istisna hallarda ola bilər. Ancaq bu sızmaların qarşısını almaq üçün uzun müddətə ehtiyac olmamalıdır”. 

Problemlə bağlı son olaraq qurumun rəsmi mövqeyini öyrənmək üçün “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevlə əlaqə saxladıq. O saytımıza açıqlamasında bu fikirləri qeyd edib: “İstismar olunan boru xəttlərində təzyiqə dözməyən nöqtələr varsa, sızmalar ola bilər”.