Kiçik mühərrikli avtomobillərin sığortasında problem nədən qaynaqlanır?
    • 18-01-2023, 16:37
    • 131

Kiçik mühərrikli avtomobillərin sığortasında problem nədən qaynaqlanır?

“Kiçik mühərrikli minik avtomobilləri ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yaranan problem vacib bir məsələyə yenidən diqqət çəkməyimə səbəb oldu. Sığortaçılar hesab edirlər ki, belə avtomobillər daha çox sürülür (xüsusən taksi kimi), onlar daha tez-tez yol-nəqliyyat hadisələrinə düşürlər. Kiçik sığorta haqqı müqabilində sığorta təminatı verməli olacaqlarını və zərərə düşəcəklərini ehtimal edən sığortaçılar belə avtomobillərlə bağlı mülki məsuliyyətin icbari sığortasından qanunsuz olaraq yayınırlar”.

News24.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

Ekspert qeyd edib ki, başqa sözlə, sığortaçılar sığorta təminatı üzrə xərclərdən qanunsuz yolla yayınmağa, xərclərini azaltmağa cəhd edirlər:

“Təbii ki, bu, neqativ və yolverilməz yanaşmadır. Lakin sığortaçıların zərərdən yayınması, öz xərclərini azaltması üçün çox pozitiv və qanuni üsul da var. Özü də bu, “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulur, həmin Qanundan irəli gələn vəzifədir (hüquq yox). Amma təəssüf ki, illərdir, vurğulasaq da, bu vacib mexanizmi işə salan yoxdur".

Qanunda olan müddəaları qısaca nəzərə çatdıran Ə.Hüseynov deyib ki, adıçəkilən qanunun 3.1.3-ci maddəsi icbari sığortanın prinsiplərindən birini belə müəyyən edir: sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması. Qanunun 12.2-ci və 26-cı maddələrində isə bu prinsip rəhbər tutularaq qarşısıalınma tədbirləri fondunun yaradılması nəzərdə tutulur. Hər bir ayrıca sığorta növü üzrə daxil olan icbari sığorta haqlarının 1 faizi həmin fonda keçirilməlidir. Bu fondun vəsaiti isə maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankın müəyyən etdiyi təyinatlara uyğun olaraq həmin sığorta növü üzrə qarşısıalınma tədbirlərinə sərf olunmalıdır.

Ə.Hüseynov bildirib ki, bu iş nəinki sığortaçılara, həm də bütövlükdə cəmiyyətimizə çox lazımdır:

“Axı, söhbət yol-nəqliyyat hadisələrinin azaldılmasından, deməli, yollarda ölənlərin və xəsarət alanların azalmasından, cəmiyyətimizə və ayrı-ayrı fərdlərə vurulan yüz milyonlarla ziyanın azalmasından gedir...

Qarşısıalınma tədbirlərinin kifayət qədər geniş çeşidi var və dünyada çox yaxşı təcrübə də formalaşıb. Bu tədbirlər təbliğat-təşviqat işlərindən tutmuş, sanballı araşdırmalar aparılması, yol hərəkəti təhlükəsizliyindəki (YHT) boşluqların aradan qaldırılması istiqamətində layihələrin hazırlanması və icrasınadək mühüm işləri əhatə edir.

Ümumiyyətlə, avtomobilləşmiş və sığorta sistemi normal olan ölkələrdə sığortaçılar YHT-nin təmin edilməsində əsas oyunçulardan biridir. Bu ölkələrdə sığortaçılar dövlətin YHT-ni idarəetmə sisteminin qurulmasında və səmərəli fəaliyyətində çox mühüm rol oynayır, bu istiqamətdə hökumətin və parlamentin zəruri qərarlar qəbul etməsi üçün ciddi təşəbbüslər göstərir və s. Onların bu işi YHT-nin bütün elementlərini – sürücü hazırlığı və sürücü olma prosesini, nəqliyyat parkının texniki vəziyyətini və ona nəzarəti (texniki baxışı), hətta qəzalarda xəsarət alanlara vaxtında təcili tibbbi yardım göstərilməsini əhatə edir. Həmin ölkələrdə sığortaçıların bu işinin uğurlu nəticələri var (YHT-nə dair proqramların qəbulu, real icrası, sürücü hazırlığının təkmilləşdirilməsi, texniki reqlamentlərin ciddiləşdirilməsi və s.)”.

Ekspertin sözlərinə görə, təəssüf ki, ölkəmizdə hələ sığortaçıların YHT-dəki problemləri qabartmasını, onların həlli istiqamətində təşəbbüslər göstərməsini eşitməmişəm:

“Odur ki, sığortaçılara səslənirəm ki, əgər xərclərinizi real olaraq azaltmaq istəyirsinizsə, YHT üzrə ciddi təşəbbüslər göstərin, qəzaları azaldan praktiki və hərtərəfli addımlar atılmasında cəmiyyətə dəstək olun, bunun üçün cavabdeh dövlət qurumlarından öz işlərinə daha səmərəli yanaşmanı tələb edin, insanlarımızı öyrədin, yollardakı yanlış davranışlardan çəkinməkdə onlara kömək olun.

Məlumat üçün bildirirəm ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsaitlərin illik həcmi təxminən 100 milyon manat civarındadır. 1 oktyabr 2022-ci il tarixdən sonra sığorta haqları artdığından bu məbləğ bir qədər də artacaq. Həmin vəsaitin 1 %-i, yəni 1 milyon manat pulla cox ciddi işlər görmək olar...”