İranın dəyişməyən SİYASƏTİ: Dünyanı niyə “qan gölü”nə çevirməyə çalışır?
    • 31-01-2023, 13:40
    • 189

İranın dəyişməyən SİYASƏTİ: Dünyanı niyə “qan gölü”nə çevirməyə çalışır?

"Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının əsas səbəbi İran hakimiyyətinin son aylar yeritdiyi yanlış siyasət, Azərbaycana münasibətdə tutulan yanlış mövqe olmuşdur. Dövlətimizin yeritdiyi müstəqillik xəttini qəbul etmək istəməyən İran hakimiyyətinin təmsilçilərinin təhdid dolu bəyanatlar səsləndirməsi, sərhəddə tez-tez hərbi təlimlərin keçirilməsi, terror çağırışları edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi son nəticədə belə bir terror aktının baş verməsinə gətirib çıxarmalı idi".

Bu fikirləri News24.az -a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, bundan əvvəl Londonda və Parisdə diplomatik nümayəndəliklərimizə qarşı baş verən zorakılıq aktlarından İran dövlətinin heç bir nəticə çıxarmaması, səfirliyimizin mühafizəsini gücləndirmək üçün heç bir addım atmaması da ciddi suallar doğurmaya bilməz:

"Bu cür hadisələr digər ölkələrin ərazisində də baş verib. Son iyirmi ildə İslamabadda Çexiya səfirinin öldürülməsi, Bağdadda Əlcəzairin diplomatik nümayəndəliyinin rəhbərinin oğurlanaraq edam edilməsi, Nayrobidə Venesuelanın səfirinin boğularaq öldürülməsi və s. hallar hamımızın yaxşı yadındadır. Qardaş  Türkiyədə bir neçə il əvvəl Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra heç kimin ağlına  gəlmədi ki, Türkiyəni terrorçu dövlət adlandırsın. Ancaq təəssüf ki, İran barədə danışarkən onu ən azından terror çağırışlarına “dözümlü” yanaşan dövlət olduğunu söyləmək məcburiyyətindəyik. Yəqin xatırlayırsınız təqribən bir ay əvvəl bir nəfər azərbaycanlılara və səfirliyimizə qarşı terror çağırışı ilə dolu video yayımladı. Onun haqqında dərhal cinayət işi açmalı olan və onu məsuliyyətə cəlb etməli olan İran dövləti heç bir tədbir görmədi. Bu cür münasibət terroru “həvəsləndirmək” cəhdindən başqa bir şey deyildi.

Səfirliyimizə qarşı törədilən terror aktının səbəblərindən biri, bəlkə də birincisi İran hakimiyyətinin terror çağırışlarına vaxtında və kəskin reaksiya verməməsi oldu. Ümid edirəm ki, heç olmasa bu faciədən sonra İran rəhbərliyi bu cür çağırışlar səsləndirənlərin barəsində qəti tədbirlər görəcəkdir.  İran hələ ki, sivil dünyada qəbul olunmuş yolları tutmaq istəmir və dünyanı "qan gölünə" çevirməyə çalışır. Təəssüf ki, İran rəsmiləri bəzi hallarda “orta əsrlər” üçün xarakterik olan davranışlar sərgiləməkdən, bəyanatlar səsləndirməkdən çəkinmirlər. İran normal dövlətə çevrilməlidir, əks təqdirdə olacaqları özü düşünsün".

Aynurə PƏNAHQIZI