"Niyaməddin Musayev ifamıza qulaq asıb dedi ki..." -  "Dərviş band"
    • 29-03-2023, 21:41
    • 1 223

"Niyaməddin Musayev ifamıza qulaq asıb dedi ki..." - "Dərviş band"

Onların öz dünyası var. Gerçək dərviş həyatı yaşamasalar da fərqli, üsyankar, düşündürücü musiqili hücrələrinə çəkiliblər.
Haqsızlıqlara hayqırıb dünyanı silkələmək iddiası ilə yaranan roka bənd olublar. 
Elə onun dilində də dünyanın fani, amma musqinin əbədi olduğunu bir daha hər kəsə xatırlatdılar…


Müsahibimiz "Dərviş band" qrupudur.

 
Gənc "dərviş"lər News24.az -a rokdan, viral olan ifalarından, onları tənqid edənlərdən danışdılar: 


-     Azərbaycanda rok musiqisi kimi tanınmaq çətindir. Bu səbəbdən də gənc ifaçıların əksəriyyəti toylarda oxuyub populyar olmağa üstünlük verir. Sizi bu çətin yolu seçməyə həvəsləndirən, daha doğrusu, roka gətirən nə oldu? 

- Biz rok musiqisi ilə böyüyüb formalaşmışıq. Sonradan bu janra gəlməmişik. Ümumiyyətlə, tanınmaq üçün nə isə etmək düzgün olmazdı. Biz yaşadığımız, hiss etdiyimiz musiqini dinləyicilərə çatdırırıq. Qrupumuzdakı iştirakçıların musigi zövgü, istedad və bacarıqların müxtəlif olması “Dərviş band”in seçilməsinə səbəb olur.

- Azərbaycanda rok musiqisinə verilən dəyərdən razısınızmı?



- Rok musiqisini digər janrlardan seçmək düzgün olmazdı. Janrından asılı olmayaraq keyfiyyətli mahnı və ya layihə öz dinləyicisini tapacaq. 

- Siz rokun hansı növü ilə məşğulsunuz. Sizin ifa etdiyiniz janr digərlərindən necə fərqlənir. 


- Bizim qrup Rok, Folk Rok, Blues Rok, Pop Rok janrlarında ifa edir. 

- Son günlər Niyaməddin Musayevin mahnısını oxumağınız geniş müzakirələrə səbəb oldu. Bəs, o özü bunu necə qarşıladı, sizə xeyir-dua verdimi?

- Hə, əlbəttə. Çox pozitiv qarşıladı. Bizə müvəffəqiyyət arzuladı.


- Niyə məhz həmin ifanı seçdiniz?


- Çünki bu əsər çox dərin mənalı sözlərdən yaranıb.  Üstəlik melodiyası, musiqisi də çox gözəldir. Kəsəsi, hər dövr üçün aktual olan mövzudur.

-    Sizin oxuduğunuz tərzə də münasibət birmənalı olmadı. Bəyənənlər də var, bəyənməyənlər də…


- Bu, normaldır. Necə deyərlər, biz 100 manatlıq əskinas deyilik ki, hamı bəyənsin. Bizə görə, bəyənməyənlər oldu, amma bəyənənlər qat-qat çoxdur.

- Rok əhval musiqisidir deyirlər. Sizcə də belədir?

- Ümumiyyətlə, musiqi insanın əhvalına çox təsir edir. Hətta eyni mahnı ayrı vaxtlarda ayrı hisslər yarada bilər. Hər şey nisbidir.

- Gündəlik həyatınızda hansı janrda olan musiqiləri dinləyirsiniz?


- Qrupun iştirakçılarının musiqi zövq və marağları çox fərqlənir. Buna görə dinlədiyimiz mahnılar da fərqlənir.

-    Azərbaycanda musiqi sahəsində vəziyyəti necə qiymətləndirirsiz?


- Hər şey yaxşıya doğru gedir. İnsanların zövqü, maraqları genişlənir, müasirləşir. Bu o deməkdir ki, keyfiyyətli musiqi getdikcə daha da çox sevilib- seçiləcək. Buna çox ümid bəsləyirik.

Qumral Əliyeva