"Minaya düşməmişdən əvvəl də futbol oynayırdım"
    • 5-04-2023, 11:18
    • 118

"Minaya düşməmişdən əvvəl də futbol oynayırdım"

"Minaya düşməmişdən əvvəl də həmişə futbol oynayırdım".

News24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyunun iştirakçısı Qurban Əliyev deyib.

O, özünü idmansız təsəvvür edə bilmədiyini söyləyib: "Futbol mənim üçün hər şeydir. Əlil olmağımıza baxmayaraq, oynamağa davam edirik".

Əliyev minadan əziyyət çəkəndən sonra yenidən həyata qayıtmağında futbolun böyük rolu olduğunu vurğulayıb: "Əlillər bəzən özlərinə qapanır, evdən bayıra çıxmırlar. Heç kimə lazım olmadıqlarını fikirləşirlər. Amma belə deyil. Bizimlə birlikdə məşq etsələr və futbol oynasalar, həyatın tamam başqa cür olduğunu görəcəklər. Özünə qapanmağa ehtiyac belə yoxdur. Yaşıl meydanlara gəlsinlər və birlikdə mübarizə aparaq".

Amputant millisinin üzvü beynəlxalq yarışlarda çıxış etmək istədiklərini sözlərinə əlavə edib: "Meydanda bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Bizə dəstək olsunlar, bu futbolu yaşatmaq niyyətindəyik. Bu, Avropa və dünya səviyyəsində tanınan idman növüdür, yarışlar təşkil olunur. Biz də beynəlxalq yarışlara qatılmağı planlaşdırırıq. Mayda Çempionlar Liqası olacaq. Həmin yarışda iştirak etmək istəyirik. Komandamızın 30-a yaxın üzvü var. Bunun daha da çox olmasını və digər əlilləri də bizə qoşulmağa çağırırıq".