Bu il Azərbaycanda nə qədər yeraltı təkan qeydə alınıb? - RƏQƏMLƏR
    • 7-02-2019, 17:10
    • 883

Bu il Azərbaycanda nə qədər yeraltı təkan qeydə alınıb? - RƏQƏMLƏR

“Şamaxı, İsmayıllı, Lerik bölgəsində baş vermiş zəlzələ xırda yeraltı təkanlarla hələ də davam edir. Bu vəziyyət on gün və bir ay davam edə bilər”.  

Bu sözləri News24.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Qurum rəsmisi bildirib ki, zəlzələnin nə zaman və harda baş verəcəyini dəqiq bilmək qeyri-mümkündür:
“Qısamüddətli proqnozunu, yerini, vaxtını, gücünü əvvəldən demək mümkünsüzdür. Amma seysmoloji aktiv zonalarda gərginliyin olduğunu və zəlzələnin təxmini nə zaman olmasını bilmək olur. Ümumilikdə yanvar ayından bu günə kimi Azərbaycanda 570 təkan qeydə alınıb”. 

Q.Yetirmişli onu da əlavə edib ki, baş verən zəlzələ nəticəsində Şamaxı və Qobustandakı vulkanlarda aktivlik arta bilər: 
“Əgər vulkanda sıxılma prosesi baş verirsə, o partlayışla püskürməlidir. Əsasən vulkana yaxın ərazilərdə zəlzələ olduqdan 1-2 gün sonra püskürmə baş verir.Əməkdaşlarımız hazırda ərazidəki vulkanların gərginliyinin hansı səviyyədə olduğunu müşahidə edirlər”.

Şəlalə AĞAYEVA