"Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək" - Komissiya sədri
    • 25-04-2023, 11:43
    • 185

"Biləsuvarda partlayış baş verən bina ilə bağlı qərar veriləcək" - Komissiya sədri

"Biləsuvar şəhərində partlayış olan binanın vəziyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dəyərləndiriləcək və buna uyğun qərar veriləcək".

News24.az xəbər verir ki, bunu "Report"un Muğan bürosuna Biləsuvar Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə bina ya təmir olunacaq, ya da sökülüb yenidən inşa ediləcək.

Komissiya sədri ötən gün axşam saatlarından etibarən artıq binada yaşayışın dayandırıldığını söyləyib.

O, hazırda bina sakinlərinin siyahısı ilə bağlı dəqiqləşdirilmə aparıldığını bildirib.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə 1988-ci il təvəllüdlü Günay Əliyeva ölüb, onun övladları - 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyev isə yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.

Qadının övladlarının müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.