Zəlzələdə dağıntılar altından xilas etdiyi qızla nişanlandı
    • 25-04-2023, 18:26
    • 376

Zəlzələdə dağıntılar altından xilas etdiyi qızla nişanlandı

Kahramanmaraş zəlzələsində dağıntılar altında qalanların çıxarılmasında iştirak edən xilasedici həyatını qurtardığı xanımla nişanlanıb.

News24.az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, xilasedici Halil İbrahim Akbaş Esma Benki dağıntılar altından xilas edən zaman görüb. Dağılmış evin uçqunları altında qalan qızın həyatını qurtaran Halil İbrahim az sonra onunla və ailəsi ilə yaxından tanış olub.

Tədricən bu tanışlıq Esma Benklə Akbaşı daha da yaxınlaşdırıb. Nəticədə cütlük həyatlarını birləşdirməyə qərar veriblər.

Halil İbrahim bildirib ki, çalışmaq üçün o şəhərə gələndə taleyin qarşısına belə bir qismət çıxaracağını ağlına belə gətirməyib: ""Kırıkkaledən yardım üçün Pazarçık"a gəlirdim. Esmanın atası məni yarı yoldan qaytardı. Dağıntını qaldırmaq üçün qazma maşınımla yardım etməyimi istədi. Mən də yardım etdim. Beləcə, Esmanı tanıdım. Bura gəlməzdən qabaq evlənmək, nişanlanmaq haqqında qətiyyən düşünmürdüm. Düz deyirlər ki, evlilik nəsib, qismət işidir. Kim deyərdi ki, zəlzələ dağıntılarının altından xoşbəxtliyimi xilas edəcəm. İnşaallah bir ömür xoşbəxt olarıq".

Esma Benk də nişanlısı ilə yollarının zəlzələ dağıntılarının altında kəsişdiyini deyib: "İnanıram ki, zəlzələdə yaşadığım qorxu və dəhşətin travmasını nişanlımın dəstəyi ilə dəf edəcəm".