Açıq sualların yoxlanılmasında ciddi qüsurlar var - DİM-ə növbəti ittihamlar
    • 24-05-2023, 14:17
    • 196

Açıq sualların yoxlanılmasında ciddi qüsurlar var - DİM-ə növbəti ittihamlar

Son vaxtlar Dövlət İmtahan Mərkəzinin (DİM) keçiridiyi buraxılış və blok imtahanlarından narazılıq edilir. Abituriyent, valideyn və müəllimlər əsasən, açıq sualların düzgün yoxlanılmaması, yoxlamanın bəzən qeyri-ixtisas müəllimlərinə tapşırılması, qiymətləndirmənin obyektiv aparılmamasından şikayətlənirlər.

Bəzi iddialara görə, müəllimlərə hər abituriyentin cavablarını yoxlamaq üçün cüzi məbləğ ayrılır, onlar da qazanc əldə etmək üçün keyfiyyətə deyil, kəmiyyətə üstünlük verirlər. Bu da bəzən qismən cavab verən abituriyentlərin sıfır bal almasına səbəb olur.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlama verib. Onun sözlərinə görə, yoxlamalardaki yanlışlıqlar əsasən, texniki xarakterli olur. Bu da müəllim sayının az olmasından irəli gəlir:

“Yoxlama prosesi həm buraxılış, həm də blok imtahanlarında var. Hər iki imtahanda xüsusi marker müəllimlər tərəfindən yoxlanması tələb olunan suallar var. Onların yoxlanması üçün də müəllimlərə DİM tərəfindən vəsait ayrılır. Bir suala müvafiq olaraq, 30-40 qəpik dəyərində ödəniş təyin edilir. Sualların yoxlanması prosesində isə daha çox ixtisas müəllimləri və magistratura pilləsində təhsil alan şəxslər iştirak edir. Yoxlamalarda yanlışlıq yanlız texniki cəhətdən ola bilər. Hər imtahan zamanı 1-2 milyon sual yoxlanılır. Bu sualları hər dəfə bir müəllim yoxlayır, daha sonra digər müəllimə yönəldir. Ən sonda isə optik oxuyucu - avtomatlaşdırılmış sistem yoxlayır. Müəllim sayının az olması fiziki yorğunluq və diqqət dağınıqlığına səbəb ola bilər”.

Ekspert bu məsələnin həlli üçün təklif irəli sürüb:

“Bu cür halların yaşanmaması üçün yanlız kodlaşdırıla bilən suallar təyin olunmalıdır. Açıq tipli suallar yığışdırılmalıdır. Açıq tipli suallar yığışdırılmadığı təqdirdə isə yoxlama prosesinə daha çox müəllim cəlb olunmalıdır”.