Sinan Oğanın səsləri kimə gedib? - İlkin nəticələr
    • 29-05-2023, 11:25
    • 640

Sinan Oğanın səsləri kimə gedib? - İlkin nəticələr

Türkiyədə seçkilərin ikinci turunda ən çox maraq doğuran suallardan biri də birinci turda “ATA İttifaqı”nın prezidentliyə namizədi, ikinci turda “Cümhur İttifaqı”nı dəstəkləyən Sinan Oğana verilən səslərin hansı namizədə getməsidir.

News24.az xəbər verir ki, ölkədə sorğu keçirən qurumların rəhbərləri ilkin məlumatlara əsasən aşağıdakı qiymətləndirmələri aparıblar.

Hakan Bayrakçı (Sonar): “Hazırki məlumatlara görə, bölgələr üzrə qiymətləndirmə aparsaq, “ATA İttifaqı”nın namizədi Sinan Oğana verilən 5,2%-lik seçicinin 0,7%-i seçkiyə getməyib. Onlardan 2,5%-i Ərdoğana səs verib. Hələ ətraflı araşdırma aparılmayıb, təbii ki, dəqiq durum araşdırmalardan sonra ortaya çıxacaq”.

Özer Şencar (Metropolis): “ATA İttifaqı”nın səslərinin çoxunun Ərdoğana getməsi mümkündür. Amma rəqəmlərlə bağlı konkret nəsə demək mümkün deyil. Sonra ətraflı araşdırma aparılmalıdır. Məncə, Sinan Oğana səs verən insanlar əvvəlki düşüncələri nə olursa olsun, öz istəkləri ilə ora gediblər. Çünki bu seqmentin əksəriyyəti təhsilli seqmentdir. Belə bir seqment kiminsə göstərişi ilə birbaşa harasa gedəcək kütlə deyil”.

Murat Sarı (Konsensus): “Görünür, səslərin yarısı Prezident Ərdoğana, yarısı da “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna gedib. Amma deyə bilərik ki, onların əhəmiyyətli bir hissəsi seçkiyə getməyib. Bununla bağlı araşdırma aparacağıq”.

Seçkilərin ikinci turunda hazırki dövlət başçısı, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən Sinan Oğan seçkidən sonra belə açıqlama verib: “Prezident seçkisi prosesi tamamlandı. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər. Seçicilərimiz “Bu səslər Sinan Oğana verilməyib” deyənlərin həvəslərini ürəyində qoydu, bizə güvənərək böyük ölçüdə olduğumuz yeri seçdilər. Plana sadiq qalan bütün vətəndaşlara minnətdarlığımı bildirirəm. Artıq yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzanlar isə linç mədəniyyəti ilə terrora bağlı partiyalar və onlara güvənənlər oldu”.

Akqabay