Eşitmə Məhdudiyyətli şəxslərin I Mədəniyyət Festivalı keçirildi
    • 6-06-2023, 12:39
    • 491

Eşitmə Məhdudiyyətli şəxslərin I Mədəniyyət Festivalı keçirildi

İyunun 4-də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Eşitmə Məhdudiyyətli Şəxslərin I Mədəniyyət Festivalı keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət və Təhsil Nazirliyinin dəstəyi il baş tutan festival Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.

“Ümid var” İnklüziv Yaradıcılıq  Qrupu, “Deaf Community” MMC, “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan festivalda eşitmə məhdudiyyətli şəxslər incəsənətin müxtəlif növlərində bacarıqlarını jest dilində göstəriblər.

Qeyd edək ki, Azərbaycan əhalisinin demək olar ki, 5 faizini eşitmə və danışma məhdudiyyətli  şəxslər təşkil edir. Hər 3 ailədən ən azı biri bu problem ilə qarşılaşır.

Bu layihə onların daşıdıqları “jest dili”nin  düzgün tətbiqinə, təbliğinə, eşitmə məhdudiyyətli hər bir şəxsin cəmiyyətə inteqrasiyasına təkan verecək.

İnklüziv cəmiyyətə tövhə olan festivalda ölkəmizdə ilk dəfə “Arşın mal alan” operettasından bir parça və “Tıq-tıq xanım” eşitmə məhdudiyyətli şəxslər və tanınmış aktyorlar tərəfindən jest dilində oynanılıb.

Festivalda eşitmə məhdudiyyətli şəxslərin rəsmləri, müxtəlif əl işləri, aktyorluq, rəqs bacarıqları ilə yanaşı model məharətləri də sərgilənib. Eşitmə məhdudiyyətli modellər modelyer Anara Zakirlinin “Zərəfşan” kolleksiyasını tanınmış şəxslərlə birgə təqdim ediblər. 

Festival boyu çıxış edən eşitmə məhdudiyyətli şəxsləri tanınmış sənətçilər Alim Qasımov, Fərqanə Qasımova, Röya Ayxan, Lalə Məmmədova, Oksana Rəsulova, reper Promete, stilist Anar Agakişiyev, şairə Nigar Həsənzadə, Azərbaycanın məşhur rəqs mərkəzi “Nero Dance Center” heyəti müşayiət edib.

Eləcə də, “Sənət Uşaq və İncəsənət Mərkəzi”, Müasir Rəqs Akademiyasının tipik uşaqları da səhnədə çıxışçılarla dəstək olublar.

Festivalın təşkilati dəstəkçiləri isə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi, “Eşitmə və Nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai birliyi, “Beauty Academy”, 3 nomrəli Uşaq Gənclər İnkişaf Mərkəzi idi.