"İran Azərbaycanla dostlaşmaq istəyir, amma çomağı yerə qoymalı deyilik" - Şərh
    • 7-07-2023, 18:31
    • 367

"İran Azərbaycanla dostlaşmaq istəyir, amma çomağı yerə qoymalı deyilik" - Şərh

"İran XİN rəhbərinin Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantında iştirak etməsi münasibətlərin tənzimlənməsi üçün bir jestdir. İran rəsmiləri bunu gizlətmirlər. Bu hadisədən istifadə edərək münasibətləri yenidən normal məcraya daşımaq üçün İran dövləti hərəkətə keçib". 

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, İran XİN rəhbərinin Azərbaycan Prezidenti səviyyəsində qəbul olunması göstərdi ki, Azərbaycan bu münasibətlərin tənzimlənməsində maraqlıdır: "Qarşıdakı dövrdə münasibətlərin düzəlməsi İranın davranışlarından asılı olacaq. Bu məsələ təkcə sözdə deyil, eyni zamanda, əməli fəaliyyətdə özünü təsdiq etməlidir. Ortada Azərbaycan dövlətinə qarşı törədilmiş terror hadisələri və qətlə yetirilmiş vətəndaşımız var. Azərbaycan parlamentinin deputatına qarşı törədilmiş terror hadisəsini də unuda bilmərik. Bu məsələlərin hər birinə hüquqi tərəfdən aydınlıq gətirilməlidir. Azərbaycanın iradakı səfirliyinə hücum edən şəxsin məhkəmə qarşısına çıxarılıb, həbs edilməsi yetərli deyil. Dünənə kimi iran dövləti həmin şəxsi rəsmi qaydada dəli adlandırırdı. İndi nə dəyişdi, ağıllandı?"

Natiq Miri əlavə edib ki, hadisənin fonunda gizlənən qüvvələrin cəzalandırılmasına ehtiyac var: "Çünki İran etimad göstəriləcək bir dövlət deyil, yalançı dövlətdir. Zəngəzur dəhlizi məsələsi Azərbaycan Prezidenti ilə müzakirə predmeti olsa da, İran bir daha nümayiş etdirdi ki, İran ərzasindən Naxçıvana gedən yolun açılması daha məqsədəuyğundur. İran daşınan yüklərə nəzarəti ələ keçirməklə maddi qazanc əldə etmək istəyir. İranla "dostluq" etmək istəyən hər dövlət çomağı əlində yerə qoymalı deyil. Çünki İran dağıdıcı ünsürdür. İranın qonşu dövlətlərlə səmimi münasibəti müvəqqəti xarakter daşıyır. 30-40 milyona yaxın soydaşımızı edam etməklə münasibətləri normallaşdırmaq düzgün deyil. İran nə vaxt sivil dövlət olarsa, o zaman normal münasibətləri düşünə bilərik".

Məhərrəm ƏLİYEV