Türkiyə Ukraynanın NATO arzusuna yaşıl işıq yandırdı - Ərdoğan-Putin dostluğunda...
    • 8-07-2023, 15:08
    • 273

Türkiyə Ukraynanın NATO arzusuna yaşıl işıq yandırdı - Ərdoğan-Putin dostluğunda...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın NATO-ya üzvlük məsələsindən danışıb. Türkiyə Prezidenti bildirib ki, Ukrayna NATO üzvlüyünə layiqdir.

Bəs bu açıqlama Türkiyə-Rusiya münasibətlərinə soyuqluq gətirə bilərmi?

Politoloq İlqar Vəlizadə məsələ ilə bağlı News24.az-a danışıb. 

O bildirib ki, Türkiyə-Rusiya münasibətləri möhkəmdir: "Ukraynanın NATO-ya üzvlük məsələsini Stoltenberq, Almaniya kansleri və bir çox şəxs dilə gətirib. Ancaq əksər ölkələr Ukraynanı NATO-da münaqişə bitəndən sonra görür. Yəni, Ukrayna ərazi bütövlüyünü bərpa etdikdən sonra üzvlük məsələsi reallaşa bilər. Siyasi dəstək var, ancaq Ukraynanı alyansa üzv qəbul etmək üçün kvorum lazımdır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Ukraynaya təkcə siyasi dəstək yox, həm də real dəstək verir. Silah və humanitar dəstəyi qeyd edə bilərik. 

Türkiyə NATO-da iştirak etsə də, anti-Rusiya mövqeyi sərgiləmir. Həmçinin NATO-ya üzvlük üçün mühüm şərtlər var. Ərdoğan da başa düşür ki, Ukraynanı NATO-ya asanlıqla üzv etmək olmayacaq. Türkiyəni Rusiya ilə sıx münasibət qurmaqda ittiham edənlərə cavab kimi bu amildən istifadə edilə bilər. Əslində Rusiya Türkiyənin bu mövqeyini normal qəbul edir. Moskva anlayır ki, Türkiyə NATO-nun fəal üzvüdür, nüfuz sahibidir və burada müəyyən bir ritorika var. Eyni zamanda, artıq 20 ildir ki, Ərdoğan Putinlə münasibətlər qurur. Rusiya siyasi rəhbərliyi Ərdoğanın siyasətinə bələddir. Bilir ki, o, bütün hallarda Rusiyanın mövqeyinə zidd çıxmayacaq. Hər bir halda Ərdoğana Türkiyənin məsələyə necə yanaşması maraqlı deyil. Həmin sözü qatı Rusiya əleyhinə olan başqa kimsə desəydi onda bu sözün mənası da başqa olacaqdı. Sözü deyənin kim olduğu önəmlidir".

Məhərrəm Əliyev