Ukraynanın NATO arzusuna supergüclər nə deyəcək? - Rusiya sülhün bir addımlığında...
    • 10-07-2023, 13:21
    • 204

Ukraynanın NATO arzusuna supergüclər nə deyəcək? - Rusiya sülhün bir addımlığında...

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzv olmağa layiq olduğunu deyib. ABŞ Prezidenti Cozef Bayden isə hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmədiyini dilə gətirib. 

Politoloq Natiq Miri məsələni News24.az-a şərh edib. 

O bildirib ki, müharibə şəraitində olan bir ölkəni NATO öz prinsiplərinə zidd olduğu üçün qəbul etməyəcək: "Çünki bu, avtomatik olaraq NATO-nu müharibəyə cəlb etməkdir. Buna görə də müharibənin bitməsini gözləyəcəklər. 

Ancaq Rusiya artıq elə bir vəziyyətə gəlib ki, onlar üçün müharibə yox, sülh daha vacibdir. Bunu daxili ictimai rəyə təqdim etmək problematikdir. Rusiya mövzu ilə bağl ictimai araşdırmalar aparır. Ona görə də uzaq perspektiv olmayan bir məsələ üçün NATO qərar verməyə tələsməyəcək". 

Politoloq qeyd edib ki, Ukrayna NATO standartlarına malik ölkə deyil: "Ukrayna Rusiya kimi böyük bir ölkə ilə önəmli bir savaş aparır, dirəniş göstərir. Ancaq Ukraynanın idarəetməsində ciddi korrupsiya problemləri var. Məsələ həll olunmayıb. Korrupsiya ilə mübarizə və islahatların aparılmasına ehtiyac var. Bu məsələlər həll olunmadan Ukraynanı NATO-ya qəbul etmək mümkün olmayacaq. Ona görə də ola bilsin ki, Litvadakı NATO sammitində öhdəliklər irəli sürülsün. Bu öhdəliklər yerinə yerinə yetirilərsə, müharibədən sonra Ukraynanın NATO-ya üzvlüyü müzakirə predmeti ola bilər. Hər bir halda Ukraynanın NATO-ya yolu açıqdır. Sadəcə olaraq NATO üzvləri arasında fikir ayrılıqları var. Zənnimcə, fikir haçalanması Litva sammitində Ukraynanın NATO-ya üzvlüyünə imkan verməyəcək". 

Natiq Mirinin fikrincə, Ukrayna bu il ərzində əks-hücumlarda ciddi uğur əldə edərsə, Rusiya ilə sülh bağlaması çox uzaqda deyil: "Litva sammitindən sonra NATO-nun Ukraynaya ciddi dəstək göstərməsi ilə bağlı bir qərarın qəbul edilməsi ehtimalı da böyükdür. Belə bir qərar qəbul edilərsə, Rusiyanın gözləntiləri puç olacaq və sülhdən başqa alternativi qalmayacaq. Belə olan halda Türkiyə və Çinin vasitəçiliyi altında sülh prosesinə başlaya bilərlər. Ancaq bu addımın atılması üçün Ukraynaın ərazi bütövlüyü bərpa edilməlidir və Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır".

Məhərrəm Əliyev