Etibar Əliyevlə nazir arasındakı davaya deputatlar da qoşuldu: "Razi Nurullayev kimdir ki? SİFARİŞLƏ İŞLƏYƏN...
    • 11-07-2023, 11:44
    • 493

Etibar Əliyevlə nazir arasındakı davaya deputatlar da qoşuldu: "Razi Nurullayev kimdir ki? SİFARİŞLƏ İŞLƏYƏN..."

Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi "Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür" fikri ətrafında müzakirələr səngimək bilmir.

Elm və təhsil nazirini sərt tənqid edən şəxslərdən biri də millət vəkili Etibar Əliyevdir. Deputat nazirin milləti təhqir etdiyini əsas gətirərək onu Azərbaycan xalqından üzr istəməyə çağırıb. O, həmçinin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuradan istefa verib. 


News24.az-a məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib. 

Deputat Razi Nurullayev məsələyə belə yanaşıb: "Emin Əmrullayev məsələni fərqli ifadə etmək istəyib. Bizdə nazir, deputat, vəzifəli şəxs tipi elədir ki, həmin şəxs çox quru danışmalıdır. Vəzifəli şəxs quru danışanda da deyirlər ki, suallardan yayındı. Ancaq nazirin bəzi fikirləri məndə də suallar yaradır. 

Ümumiyyətlə, Azərbaycandakı təhsil sistemindən narazıyam. Ölkəmizdə təhsil inkişafa doğru getmir. Ciddi problemlər var. Problemlərin bəziləri maliyyəyə bağlansa da, elə məsələlər var ki, maliyyə ilə əlaqəsi yoxdur".

Millət vəkili Vahid Əhmədov naziri müdafiə edib: "Emin Əmrullayev intellektual səviyyəsi olan bir şəxsdir. Bir-iki dəfə onunla görüşüm olub. Hər şeyin yerini bilən, inkişafa meyilli bir şəxsdir. 

Lakin təhsildə olan vəziyyət hamıya məlumdur. Bu vəziyyət indinin deyil, uzun illərdir yaranıb. Emin Əmrullayev müəyyən qədər vəziyyəti düzəltməyə çalışır. O, mətbuata açıq biridir. Ola bilər ki, kiminsə xoşuna gəlmir. Ancaq reallıq budur ki, islahata meyilli bir şəxsdir. 

Fikrimcə, belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Nazir hökumətin üzvüdür, çalışır ki, bu məsələləri qaydasına qoysun. Cavan nazirdir, şərait yaratmaq lazımdır. Mən başa düşürəm, köhnələr var, kresloları vermək istəmirlər. Gənclər yetişməlidir, onların yetişməyi bir-iki ilə başa gəlmir. Səhvləri olur, razıyam, hamıda səhv var. Ancaq başa salmalıyıq, yol göstərməliyik". 

Vahid Əhmədov həmkarı Razi Nurullayevin təhsillə bağlı sərt fikirlərinə belə reaksiya verib: "Razi Nurullayev kimdir ki? O, xüsusi sifarişlə işləyən bir adamdır".

Məhərrəm Əliyev