Elşad Mirinin Məhərrəm ayı ilə bağlı fikirlərinə ilahiyyatçıdan reaksiya:
    • 19-07-2023, 12:55
    • 19 286

Elşad Mirinin Məhərrəm ayı ilə bağlı fikirlərinə ilahiyyatçıdan reaksiya: "Nə ədəbiyyat bilir, nə də tarix..."

“Məhərrəm ayının digər aylardan ayıran heç bir xüsusi fərq yoxdur. Quranda adı hallanan yeganə ay Ramazandır. Ramazanın da Quran nazil olduğu ay olduğunu bilirik”. 

Bu fikirləri News24.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, iyun ayında nə etmək olarsa, Məhərrəm ayında da etmək olar: “Məsələn, noyabr ayının bizim üçün özəlliyi nədir? Qarabağın işğaldan azad edilməsi. 

Təəssüflər olsun ki, Məhərrəm ayını, xüsusilə, 10-cu günü imam Hüseynlə əlaqələndirirlər. Peyğəmbərin yaşadığı dövrdə Quran tamamlanıb. Ondan sonra olan hadisələr dinlə əlaqəli deyil, mədəniyyətlə, tarixlə bağlı məsələlərdir. Peyğəmbərin sağlığında 6 övladı vəfat edib. Onlardan birinə hansısa günü, həftəni, ayı xüsusi qeyd etməyib, yaxud da yas saxlamayıb.

Bu aylarda imam Hüseyndən danışılırsa, onun kimi həyata bağlanmaq, dininə sadiq qalmaq və haqsızlığa dirənmək lazımdır. Yoxsa imam Hüseynin vəfatına görə özünü döymək çarə deyil. Deyirlər ki, imam Hüseyn cənnət gənclərinin əfəndisidir. Əgər cənnət gənclərin əfəndisidirsə, bəs, niyə ağlayırlar? İnanmırsansa, şübhən varsa, bu başqa məsələ”. 

Din xadimi Hacı Soltan Əlizadə Elşad Mirinin fikirlərinə belə reaksiya verib: “Hər bir məsələnin həlli üçün bir məntiq və dəlil lazımdır. İmam Hüseyni Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani kimi dahilər tanıyır, bilir, böyük hörmət edir. Hətta müsəlman olmayan alimlər belə imam Hüseynin mərdliyinə, mübarizliyinə müsbət qiymət veriblər. Belə çıxır ki, sözügedən şəxs bu cür dahilərdən çox bilir. İmanı olmayan biri imam Hüseyni haradan bilsin? O adam nə ədəbiyyat bilir, nə də tarix”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Surxay məsələyə münasibət bildirməkdən imtina edib.