Qanvermə aksiyasına hansı məşhurlar qoşulacaq? – “Hacıyam, qan verəcəyəm”
    • 20-07-2023, 16:12
    • 139

Qanvermə aksiyasına hansı məşhurlar qoşulacaq? – “Hacıyam, qan verəcəyəm”

Dünən Məhərrəm ayı başlayıb. Aşura günü isə iyulun 28-nə təsadüf edir. 

Hər il olduğu kimi, bu il də "Aşura"da qanvermə aksiyalarının həyata keçirilməsi nəzərdə tutulub. Artıq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il aksiyalarının keçiriləcəyi ünvanları da açıqlayıb. 

İstər sadə vətəndaşlar, istərsə də, məşhur simalar qanvermə aksiyalarında iştirak edirlər. Maraqlıdır, bəs, bu il məşhurlar qanvermə aksiyasına qoşulacaq?

Aktrisa Oksana Rəsulova bildirib ki, Bakıda olmadığı üçün qanvermə aksiyasına qatıla bilməyəcək:

“Çox gözəl, xeyirxah addımdır. Amma mən çəkilişlə bağlı Şəkiyə gəlmişəm. Bakıya sentyabrın 15-də qayıdacağam. Paytaxtda olsaydım, sevərək qatılardım".

Müğənni Şəbnəm Tovuzlu
  sevənlərini qanvermə aksiyasına qoşulmağa dəvət edib: “Bir insanın həyatını xilas etmək, buna vəsilə olmaq çox gözəl addımdır, savabdır. Mən həmişə çalışmışam ki, ehtiyacı olanlara, xəstələrə əl tutum. Bunu dilə gətirməyi sevmirəm, amma xeyirxah işlər  görməyə çan atıram. Aşura günü Bakıda olsam,  qanvermə aksiyasına qoşulacam”. 

Müğənni Yaşar Yusub saytımıza açıqlamasında bildirib ki, heç vaxt qanvermə aksiyasında iştirak etməyib:

“Qanvermə çox gözəl addımdır. Bir həyat xilas edirsən, insanlara ümid olursan. Təəssüf ki, heç vaxt Məhərrəmlikdə baş tutan aksiyalara qatılmamışam. Amma yaxşı fikirdir, Bakıda olsam, qatılacağam”. 

Aparıcı-aktyor Şəhriyar Əbilov sarılıq xəstəliyi keçirdiyi üçün qanverməyə qoşula bilmədiyini qeyd edib: “Qanvermə  çox gözəl təşəbbüsdür. Səhhəti imkan verən hər kəs qan versə, yaxşı olar. Bu, çox böyük savabdır. Nə qədər insanın həyatını xilas edirsən. Bundan gözəl nə ola bilər ki? Təəssüf olsun ki, səhhətim buna icazə vermir. Yoxsa sevərək qan verib, həyat qurtarardım”. 

Müğəni İzzət Bağırov qanvermə aksiyasına qoşulacağını bildirib: “Qanvermə nə zaman olubsa, qoşulmuşam. Əsasən İçərişəhərdəki Cümə məscidində Hacı Surxayın təşəbbüsü ilə keçirilir. Dostu olaraq mən də həmişə onların aksiyasına qoşuluram. Bu il də bir hacı kimi qanverməyə qatılacam".

Könül İbrahim