Binaların tikintisi üçün məktəblərin həyəti satılır? - VİDEO
    • 15-08-2023, 13:01
    • 309

Binaların tikintisi üçün məktəblərin həyəti satılır? - VİDEO

Bakıda çox mərtəbəli binaların tikintisi davam edir. Şəhərin estetik görünüşünü gözəlləşdirsə də, sakinlər üçün bir sıra problem yaradır. Binaların sayı artsa da, ətraf ərazilərdə yerləşən məktəblərin sayı olduğu kimi qalır. Ərazidə yerləşən məktəblər də şagird sıxlığına dözmür. Nəticədə valideynlər övladlarını evlərindən bir neçə km uzaqda yerləşən məktəblərə aparmaq məcburiyyətində qalır. Bəs, bu problemi necə aradan qaldırmalıyıq?

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti, Milli Məclisin deputatı Etibar Əliyev bildirdi ki, bina tikən şəxslər ilk növbədə məktəb və bağça barədə düşünməlidir: 

"Bakıda çoxmərtəbəli binalar tikildiyi zaman oraya əsasən ailələr köçür. Onların övladları üçün uşaq bağçalarına və məktəblərə çox böyük ehtiyac yaranır. Bakı məktəblərində sıxlıq var və bu, birbaşa dediyimiz məsələ ilə bağlıdır. Çoxmərtəbəli binaların sayı durmadan artır. Ancaq yeni məktəblər, məktəblərin əlavə korpuslarının artdığını isə görə bilmirik. Praktikada bir sinifdə 25-dən artıq şagird olmamalıdır. Ancaq biz bəzi siniflərdə 30-35 şagirdin eyni sinifdə təhsil aldığının şahidi oluruq. Bu da birbaşa təhsilin keyfiyyətinə təsir edir".  

Millət vəkili əlavə etdi ki, bu problem nəinki sinif otaqlarında sıxlıq, eyni zamanda nəqliyyatda da özünü göstərir:

"Evinin yaxınlığında uşağını məktəbə göndərə bilməyən valideyn onu başqa məktəblərə qoymağa məcbur olur. Uşaqları nəqliyyat vasitəsi ilə aparan zaman bu, şəhərdə tıxaca səbəb olur. Bir çoxmərtəbəli binada 2-3 kəndin əhalisi yaşayır. Əgər 2-3 kəndin bir məktəbi yoxdursa, bu pis fəsadlar yaradacaq".

Deputatın sözlərinə görə, çoxmərtəbəli bina tikmək üçün məktəblərin həyəti zəbt olunur:

"Çoxmərtəbəli binaların tikintisi üçün məktəblərin həyətləri satılır, zəbt olunur. Bu səbəbdən, məktəblərin pasportlarını bilərəkdən itiriblər". 

Mövzu ilə bağlı Elm və təhsil nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Şəhərimizin sakinləri də məktəblərin azlığından şikayətçıdırlər. Bu barədə şikayətlərini "RTV"-nin mövzu ilə əlaqədar apardığı sorğuda iştirak edən şəhər sakinləri dilə gətirdilər.  

Qumral Əliyeva