Rusiya ideologiyası klassiklərdən imtina edir? - ŞƏRH
    • 30-08-2023, 14:53
    • 36

Rusiya ideologiyası klassiklərdən imtina edir? - ŞƏRH

Rusiya Maarif Nazirliyinin Klassik dövrün ədəbiyyat nümayəndələrinin əsərlərini orta və ali təhsil proqramlarından çıxardığı barədə iddialar yayılıb.

 Bir çox valideyn, şagird və ya tələbənin dediyinə görə, Vahid Dövlət İmtahanı Proqramından XIX əsrin ikinci yarısınadək yazıb-yaratmış bütün ədiblərin əsərləri də xaric olunub. 

"İxtisara düşən" yazıçılar arasında A.S. Puşkin M. Y. Lermontov, N.V. Qoqol, D. Fonvizin, eləcə də digərlərinin adları və əsərləri var.


Rusiya təhsilinə cavabdeh olanlar hətta bir çox sevilən şeirlərin müəllifi Vasili Jukovskinin yaradıcılığını da proqramdan xaric ediblər. 


Bu yazıçıların əvəzinə isə Umberto Eko, Tomas Sterns Eliot, o cümlədən XX əsr Rusiya xalqlarının nümayəndələrinin adları, habelə Böyük Vətən müharibəsi dövrünün ədəbiyyat nümunələri daxil edilib.

Əgər məlumat doğrudursa, onda belə bir sual yaranır: Qərar nə ilə bağlıdır? Ola bilərmi ki, klassiklərin əsərlərindəki azadlığa və demokratik dəyərlərə çağırış ştrixləri məmurları hədsiz narahat etsin? Bəlkə səbəb tamamilə başqadır?!

Fikirlərini RTV ilə bölüşən siyasi şərhçi Giorgi Qoqua RTV-yə açıqlamasında bu qərarın kobud səhv olduğunu dilə gətirib:

"Rus ideologiyası hər zaman istər klassikləri, istər digər üsluba üstünlük verən yazıçı və fikir adamlarından öz maraqları çərçivəsində yararlanıb. Onlara artıq elə düşünür ki, Puşkin və Lermontov yeni siyasi ideologiya, mədəni təsir tezisləri, eləcə də yeni dövrün çağırışları və Rusiyanın intellektual dairələrinin maraqlarına uyğun əsərlər yaratmadığı üçün bu şəxslərin adları qadağan olunmalıdır.  Rusiyanın ideoloji siyasətinə cavabdeh olanlar bilir ki, həm Puşkin, həm də digər dahi yazıçılar təkcə Rusiya mədəni irsinin keşikçiləri deyil. Onların yaratdığı əsərlər təkcə rus xalqına aid deyil, həm də dünya ədəbiyyatının inciləridir. Buna görə də Rusiya hökuməti onladan mədəni ekspansiya vasitəsi kimi istifadə edə bilməz". 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, siyasi ekspert Metyu Brayza da məsələyə münasibət bildirib:

"Mən başa düşürəm ki, Rusiya hökuməti ölkənin təhsil sistemində islahat aparır  və xüsusilə də "Tarix" fənni üzrə dərsliklərdə dəyişikliklər edir. Siz klassik dövrün yazıçı və ya şairlərindən bəhs edirsiniz.  Mən onu bildirmək istəyirəm ki, söhbət "Tarix" və "Ədəbiyyat"dan düşəndə, siyasi hakimiyyət onların üzərindən asanlıqla manipulyasiya edir. Bu da işğala haqq qazandırmaq üçün həyata keçirilir. Məsələn, Rusiyada Stalin haqqında hər hansı neqativ fikir söyləmək olmaz. Hansı yazıçıların proqramdan çıxarıldığını bilmirəm, amma hesab edirəm ki, bu heç də doğru bir addım deyil". 

Bu arada, Rusiyanın Maarif Nazirliyi yayılan iddiaları təkzib edib. Qurumdan bildirilib ki, adları çəkilən yazıçıların yaradıcılığı əvvəlki qaydada həm orta, həm də ali məktəblərdə tədris olunur və müvafiq suallar imtahan proqramına daxil edilir. 

"Rospotrebnadzor" da məsələyə münasibət bildirib. Açıqlamada qeyd olunub ki, tədris proqramına edilən cüzi dəyişikliklər Klassik dövr ədəbiyyatı bölməsini əhatə etmir. 


Fərid Azəri