Birlikdə yeyib-içdiyi dostunu QARƏT ETDİ
    • 30-08-2023, 16:47
    • 189

Birlikdə yeyib-içdiyi dostunu QARƏT ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Elçin Salayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rövşən Həsənov ifadə verib. O bildirib ki, Rusiyadan Bakıya gəlib dostları ilə "Yaşıl bağ" restoranında çörək yeyib: "Elçin də dostum idi. Yedik-içdik, qəlyan çəkdik. Dedilər gedək "Mandarin" pub-a. Getdik orda da bir az əyləndik. Elçinə etibar etdim üstümdəki 30 min dolları ona verdim ki saxlasın. Elçin də razılaşdı. Elçin pulu götürdü çıxdı çölə, dedi qayıdıram. Bir saat,iki saat gözlədik, xəbər çıxmadı. Elə bildik ki, Elçini pula görə öldürüblər. Səhəri gün Elçinin anasıgilə getdik, məlumat verdik. Sonra da polisə müraciət etdik". 

İttihama görə, Bakı şəhər sakini Elçin Salayev Bakıda restoranda dostları ilə yeyib içərkən Rusiyadan gələn dostu Rövşən Həsənovun üzərində külli miqdarda pul olduğunu öyrənib. O Rövşənin Bakıda evinin olmadığından istifadə edərək ona üzərindəki pulları saxlamağı təklif edib və bu adla ondan 30 min dolları alıb qaçıb. 

Hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E. Salayev saxlanılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 117-ci (oğurluq) maddəsilə cinayət işi başlanıb.

Samir Əli