Separatçıların ordumuzu izlədiyi sistemlər SIRADAN ÇIXARILMALIDIR
    • 6-09-2023, 15:39
    • 1 138

Separatçıların ordumuzu izlədiyi sistemlər SIRADAN ÇIXARILMALIDIR

Xankəndidəki separatçılar Ordumuzun hərəkət istiqaməti ilə bağlı videogörüntülər yayıblar. Separatçıların belə bir görüntü yayması Azərbaycan Ordusunu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 

2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir.

Hərbi ekspert Ədalət Verdiyev News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanın güc strukturlarının fəaliyyətinin izlənilməsi yalnız Azərbaycan qanunvericiliyi ilə təyin olunmuş qurumlara məxsusdur.

“Heç bir halda Qarabağdakı separatçı rejim Azərbaycanın güc strukturlarının fəaliyyətini izləmək məqsədilə vasitələr quraşdırmaq hüququna malik deyil. Bu vasitələrin biz zaman-zaman sıradan çıxarılması üzrə videomaterialları izləmişik. Lakin görünür, bu hələ kifayət etməyib. Azərbaycan Ordusu bu kameraları tamamilə sıradan çıxarmaq üçün ciddi tədbirlər görməlidir”. 

Ekspert qeyd edib ki, Laçın yolu ermənilərin istifadəsində olduğu müddətdə belə vasitələrin alınması və daşınması heç bir problem təşkil etmirdi.

“ABŞ kameraları əslində hərbi məqsədli məhsul deyil, müşahidə sistemləridir. ABŞ və digər ölkələrə məxsus bir çox şirkətdə belə kameralar satışda mövcuddur. Onları alıb Qarabağa daşımaq isə 2023-cü ilin aprel ayının 23-ə qədər tamamilə mümkün idi. Çünki həmin tarixə qədər yol rusların, ondan əvvəl isə separatçıların və Ermənistanın nəzarətində olub. Biz həmin kameraların Azərbaycan Ordusunun fəaliyyətini izləmək vəzifələrini sıfırlamalıyıq. Bu cihazlar birmənalı olaraq sıradan çıxarılmalıdır ki, ordumuzun fəaliyyətini izləyə bilməsinlər. Silahlıların və silahların da ərazimizdən çıxarılması və ya zərərsizləşdirilməsi bizim prioritet vəzifələrimiz arasındadır”, - Ə. Verdiyev vurğulayıb.

Akqabay