Yığılan pulları Nəcməddin Sadıkova vermişəm - Həbsdəki POLKOVNİK
    • 15-09-2023, 17:30
    • 718

Yığılan pulları Nəcməddin Sadıkova vermişəm - Həbsdəki POLKOVNİK

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Daha sonra ifadə verən Məlikməmməd Qurbanov bildirib ki, yığılan pulları sabiq baş qərargah rəisi Nəcməddin Sadıqova verib. Məlikməmməd Qurbanov özünü qismən təqsirli bilib.

O qeyd edib ki, hərbi qulluqçu olduğu üçün ona verilən tapşırıqları icra edib və dövlətə vurduğu ziyanı tam ödəyib.

Məlikməmməd Qurbanov deyib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətli təmin etmək olub.

Ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da hamısı bir şəxsə məxsus olub: “Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyinin tapşırığı ilə həyata keçib. Alınan malların qiyməti süni şəkildə artırılırdı. Həmin pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində Aftandil Abdıyev 20 milyon manat nağdılaşdıraraq hissə-hissə mənə verib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı hazırda dünyasını dəyişən nazirinin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manatı isə  Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərclərinə və şəxsi xərclərimiz üçün verilib. Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıqova vermişəm. Kimə nə qədər pul verilməsi olduğunu o müəyyən edib".

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.

İttihama görə,  2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışan Məlikməmməd Qurbanov həmin müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun  tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox vəsait mənimsəyib. 

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. 

Samir Əli