Sülhməramlılar Qarabağdan nə vaxt çıxacaq? -
    • 6-10-2023, 14:00
    • 485

Sülhməramlılar Qarabağdan nə vaxt çıxacaq? - "Rusiya yaxın zamanda..."

Məlum olduğu kimi, Rusiya sülhməramlıları Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələrindəki işini dayandırıb. 

Rusiya prezidenti “Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri Rusiya qüvvələrinin Azərbaycan ərazisində gələcək fəaliyyətinə dair ehtimallar irəli sürmək imkanı verir.

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”, - Putin deyib.

Qarabağdakı mövcud vəziyyət fonunda Putinin sözləri məsələni daha da aktuallaşdırdı.

Mövzu ilə bağlı politoloq Amid Əliyev News24.az-a danışıb.

O bildirib ki, anti-terror əməliyyatlarından sonra bölgədəki siyasi proseslərin məzmunu köklü olaraq dəyişdi.

“Bu eyni zamanda Qarabağda xidmət aparan rus sülhməramlılarının da gələcək taleyinə müəyyən aydınlıq gətirmiş oldu. Son əməliyyatlardan sonra bölgədə artıq şərti də olsa təmas xətti yoxdur, Azərbaycan və erməni icmaları arasında reinteqrasiya prosesləri başladığı üçün artıq toqquşam riski də yoxdur, separatçı qurum özünü buraxdığını elan etdi və son olaraq separatçı qurumun bütün cinayətkar ünsürləri artıq həbs olunub. Tərksilah, demilitarilizasiya və eyni zamanda dekriminallaşma prosesləri uğurla getdiyi üçün Rusiya sülhməramlı qüvvələrinin  bölgədə xidmət arealı olduqca daralıb. Rusiya proseslərin yalnız Azərbaycan və Rusiya arasında tənzimlənəcəyini bildirməsi o deməkdir ki, bu məsələdə əsas tərəf kimi azərbaycanın şərtləri qəbul edilməlidir”.

10 noyabr bəyanatına əsasən SMQ bölgədə qalma müddəti 2025 dək müəyyən edilib. 

Politoloqun sözlərinə görə, hazırda sülhməramlıların bölgədə qalması Azərbaycan üçün vacibdir: “Ona görə ki, biz açıq şəkildə müşahidə edirik ki, kollektiv Qərbə bir sıra təşkilatlarla birlikdə Azərbaycana beynəlxalq missiyanın göndərilməsini israrla dilə gətirir. Bu isə özlüyündə Fransa kimi riyakar bir dövlətin bölgəyə nüfuz etməsi və eləcə də Azərbaycanı tərk etmiş ermənilərin üzərindən yeni təzyiq vasitəsi kimi istifadə olunma ehtimallarının artması deməkdir. Azərbaycanın bütün ərazisi üzrə suverenlik təmin olunub, ərazidə bərpa yenidən qurma və rein teqrasiya prosesləri tam sürətlə və şəffaf şəkildə həyata keçirilir. İndiki məqamda beynəlxalq missiyanın Azərbaycana gəlməsi məqsəduyğun deyil. Bu əsas məqamlardan biridir”, - deyə A.Əliyev fikrini yekunlaşdırıb.

Politoloq Natiq Miri Rusiya hərbi kontingentinin Qarabağda görəcəyi bir işin qalmadığını vurğulayıb.

“Düşünürəm ki, artıq sülhməramlıların Azərbaycan ərazilərində sayılı günləri qalıb. Çünki Putinin də dediyi kimi, bu missiya beynəlxalq deyil. Konkret müddət çərçivəsində yerləşdirilib.Artıq atəşkəsi pozacaq qanunsuz hərbi birləşmələr mövcud deyil. Hansı ki, bu, birbaşa hərbi kontingentin missiyasına aid idi. Separatçılar Qarabağdan təmizləndiyi üçün artıq sülhməramlılara da ehtiyac qalmır. Hüquq və təhlükəsizlik məsələsi Azərbaycanın daxili işidir və kənar qüvvələrlə müzakirə etmir”.

N.Miri qeyd edib ki, yaxın zamanlarda Azərbaycan rus sülhməramlı kontingentinin "əlini sıxaraq" bölgədən yola salacaq: “Bununla da bölgədə onların missiyası bitəcək”.

Ayşən