Siyasi ekspert: Sülhməramlılar vaxtından əvvəl Azərbaycanı TƏRK ETMƏLİDİR
    • 9-10-2023, 16:54
    • 259

Siyasi ekspert: Sülhməramlılar vaxtından əvvəl Azərbaycanı TƏRK ETMƏLİDİR

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-a müsahibəsində bildirib ki, “Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq”. Rusiya hərbi birləşmələri artıq Azərbaycanın nəzarətə götürdüyü əraziləri sürətlə tərk edir. Hazırda Qarabağda sülhməramlıların qalmasına ehtiyac olmadığı yönündə danışıqların getdiyi bir vaxtda, Rusiyadan belə bir rəsmi açıqlamanın verilməsində məqsəd nədir? 

Mövzu ilə bağlı News24.az-a danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, ermənilərin Azərbaycan ərazisini tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir ehtiyac yoxdur: “Bunu özləri də dərk edir. Çünki Putin Qarabağda 1500 erməninin qaldığını dedi, daha sonra bu sayı artırdı, BMT missiyası isə bu sayın 50-1000 arası olduğunu açıqladı. Bunun üçün iki minə yaxın rus sülhməramlısını bölgədə saxlamağa heç bir ehtiyac yoxdur. Hətta Azərbaycana düşmən olan Konstantin Zatulin də etiraf etdi ki, rus sülhməramlıları bölgədə son günlərini keçirirlər. Əks halda onlar yol hərəkəti qaydalarına nəzarət etməli olacaqlar. Çünki onların görəcəkləri iş yoxdur. Xankəndidə qalan ermənilərin də təbii ki, uzun müddət qalacağı ciddi şübhə altındadır. Həm Avropada, həm də görünür ki, Rusiyada müəyyən qüvvələr ermənilərin ən azı bir hissəsinin geri qayıtmasını istəyirlər. Ancaq bu da uzun sürən bir prosesdir. Əgər kimsə qayıtmaq istəsə də, onlar üçün sülhməramlıya ehtiyac yoxdur. Azərbaycan vətəndaşlığını qəbul edəcəklər və Azərbaycan hüquq mühafizə orqanları, güc strukturları digər vətəndaşlarımız kimi onları da qoruyacaq”.

“Artıq hamı düşünür ki, rus sülhməramlıları 2025-ci ili gözləmədən Azərbaycanı tərk etməlidir. Hətta informasiya da yayıldı ki, guya Rusiya Müdafiə Nazirliyi bu istiqamətdə danışıqlar aparmaq üçün İrəvana getmək istəyir. Ancaq bütün hallarda gözlənti bundan ibarətdir ki, rus sülhməramlıları yaxın müddətdə Azərbaycan ərazisini tərk etməlidir, ancaq onlar getmək istəmir. Biz əvvəldən bilirdik ki, sülhməramlılar hələ bir müddət qalmaq istəyir. Hesab edirəm ki, bu gözləntiləri aradan qaldırmaq üçün Qaluzin belə bir bəyanatla çıxış edib. Yəni demək istəyir ki, “bizim tezliklə bu günlərdə çıxıb gedəcəyimizi gözləməyin”. Bu prosesi bir müddət ləngidə bilərlər, ancaq mütləq getməlidirlər, 2025-ci ili gözləməməlidirlər. Rusiya rəhbərliyi də bunu yaxşı dərk edir. Onlar öz işlərini gördülər. Azərbaycan Rusiya ilə normal münasibətini qoruyaraq qarşısına qoyduğu məqsədə nail oldu. Bundan sonra rus sülhməramlıları heç bir problem yaratmadan vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməlidirlər və bu da onların görə biləcəyi ən yaxşı iş olar”, - ekspert qeyd edib.

Akqabay Mıradov