“Xahiş edirəm, yerə zibil atmayın...” – REPORTAJ – VİDEO
    • 22-03-2019, 17:51
    • 4 314

“Xahiş edirəm, yerə zibil atmayın...” – REPORTAJ – VİDEO

“Xahiş edirəm, yerə zibil atmayın. Çalışın ki təmizlik olsun. Həm də axı bu parklarda, küçələrdə öz balalarımız oynayır”.

Bunu News24.az-a illərdir şəhərimizin təmiz olması naminə bayram günlərində belə işləyən, saatlarla yerə atılan zibilləri təmizləyən Məstan Rəsulova deyir. Bakı və paytaxt əhli bir neçə gündür Novruz bayram əhval-ruhiyyəsindədir. Müxtəlif parklarda, mərkəzi meydanlarda bayramla əlaqədar maraqlı proqramlar təşkil olunur. Həm də qeyri-iş günləri olduğu üçün bu fürsətdən istifadə edib gəzməyə çıxanlar da çoxluq təşkil edir. Təmizlik də önəmlidir belə günlərdə. Həm evimizdə, həm də gəzdiyimiz məkanlarda. Amma, hər kəs təmizliyə riayət etsəydi Məstan xanım da bu qədər əziyyət çəkməzdi. Amma istirahət zamanı sakinlər paytaxt küçələrimizin təmiz olması üçün bir çox qaydalara riayət etməmələri də gözdən qaçmır. Belə ki, əllərində olan zibili və gəzinti zamanı yedikləri nələrisə zibil qutularının əvəzinə yerə atırlar. Elə siqaret qalıqları da daxil olmaqla...

“Sahil bağı”nda olduğumuz zaman süpürgəçi xanımların iş prosesinin şahidi olduq. Süpürgəçi xanımlar bayram günlərində əhalinin çox olması ilə əlaqədar olaraq daha çox işləyirlər. Yerə atılan zibilləri yığışdırmaq, təmizləməli olduqları əraziləri səhərdən axşama kimi nəzarətdə saxlayırlar.
Məstan Rəsulova bayram günlərində sakinlərin çox olmasını nəzərə alaraq axşam saatlarına kimi işləməli olduqlarını bildirir: “Adi günlərdə cavabdeh olduğumuz ərazini təmizləmək üçün altı və ya yeddi dəfə nəzarətə çıxırıq. Amma bayram günlərində əhalinin çox olması səbəbindən doqquz və ya on dəfə əraziyə çıxıb təmizlik işləri aparırıq. Martın sonuna kimi gücləndirilmiş iş rejimində çalışacağıq. Çünki bayrama görə əhali yerləri daha çox zibilləyir. Yerə daha çox siqaret, tum və ya salfetka atırlar. Sakinlərdən xahiş edirik ki, təmizliyə riayət etsinlər. Bizə yaraşan da budur. Şəhərimizin təmiz olması üçün təmizlik önəmlidir”.

Familə Dövlətova əhaliyə müraciət edərək zibilləri qutulara atmağı xahiş edir: “Bayram günlərində gəzməyə çıxanlar yerləri daha çox zibilləyir. Buna görə də bizim işimiz də çox olur. Əllərində olan hər şeyi yerə atırlar. Bu səbəbdən bayrama görə iş saatımız çox olur. Adi günlərdən fərqli olaraq doqquz və ya on dəfə nəzarətə çıxırıq ki, ərazini təmiz saxlayaq. Payımıza düşənləri həyata keçirməyə çalışırıq. Əhalinin də çoxluğunu nəzərə alaraq ərazini təmiz saxlamaq istəyirik. Əsasən də axşam saat 19:00-dan sonra əhali daha çox olur. Bizdə məcburən axşam saatlarına qədər çalışırıq ki, ərazi çirkli qalmasın. Sakinlərdən də xahiş edirik ki, zibilləri qutulara atsınlar”.

Biz də öz növbəmizdə əziz paxtaxt sakinləri sizə müraciət edirik. Yerə zibil atanda bu xanımlar gözünüz önünə gəlsin. Vətən bizim evimizdir, gəzintilərdə də özümüzü evimizdəki kimi aparsaq ürəyimiz də, vicdanımız da rahat olar.

Bayramınız Mübarək!

Sevinc YASİNQIZI
Video: Fərid ŞABANOV