-
- 11-10-2023, 15:22
- 1 066
Müşfiq Abbasovdan ağır detektiv janrında yazılan yeni roman - "ŞEYTANIN SİMASI"
Azərbaycanda detektiv janrı ədəbiyyatın nisbətən gənc istiqaməti sayılsa da, hər zaman maraq oyatdığı üçün geniş oxucu kütləsinə malikdir. Detektiv janrı faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından bəhs etdiyi üçün xüsusən də, gənclər bu kimi məcəralarla dolu olan əsərlərə böyük maraq göstərirlər. Çünki detektiv ədəbiyyatda əsərlərin ana xətti konflikt, əsasən də, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulması onu daha da oxunaqlı edir. İstər-istəməz hadisənin axıntısına düşüb sonun necə başa çatması oxucuya maraqlı gəlir.
Bu gün “Qanun” nəşriyyatının çap etdiyi, yazıçı Müşfiq Abbasovun "Şeytanın siması" detektiv-romanından bəhs edəcəyəm. Müşviq Abbasov bu janrda yeni yazarlarımızdan hesab edilsə də, uzun müddət prokurorluq orqanlarında çalışmasının təsirilə real hadisələr əsasında yazdığı romanı həyacansız oxumaq mümkün deyil.
"Şeytanın siması" romanında hörmətli bir ailənin gəlini olan Selayın üç nəfər tərəfindən zorlanması, çox hiyləgərcəsinə gizlənən cinayətkarların istintaq orqanının peşəkarlığı nəticəsində ifşa olunması, lakin bununla belə sonda layiq olduqları formada cəzalanmalarından bəhs olunur.
Detektiv janrının “Noir”- “qara roman” növündə yazılan əsərdə zorakılığa, jarqon ifadələrə, cinsi istismara, ağır intiqam səhnələrinə tez-tez rast gəlmək olur. Zatən noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi, personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var. Əsərin müəllifi sadaladığımız nüanslardan məharətlə istifadə edib.
“Şeytanın siması” romanını cəmiyyətimizin kriminal nəbzini tutmaq, ona müəllifin özünəməxsüs baxış bucağından nəzər salmaq və problemləri görmək, onların mahiyyətini, əsas səbəblərini öyrənmək baxımından ciddi-ciddi oxunmalı əsərdir.
Yuxarıda qeyd etdiyim kimi, əsərin müəllifi Müşfiq Abbasov peşə mənasında uzun müddət prokurorluq orqanlarında çalışsa da, yazının dili, üslubu, hadisələrin sinxron ardıcıllığı, oxucunu həyacanlandırmaq üçün tez-tez həssas kluminativ məqamlardan məharətlə istifadəsi ədəbi baxış mənasında əsəri oxunaqlı edir. Bu roman klassik detektiv ədəbiyyatının tələblərinə uyğun yazılıb. Kriminal faktların bol olduğu əsərdə süjet xətti çox dramatikdir. Müsbət və mənfi obrazların qarşılıqlı mübarizəsi real həyatdan götürülsə də, müəllifin intiriqalardan geniş istifadə edərək onu zənginləşdirməsi, antipodlara qarşı amansız mübarizə aparan gənc dövlətin peşəkar kriminalistləri oxucuda böyük maraq oyadan metodlardır.
Oxucu əsərə diqqətlə baş vurduqda, bəzi səhifələrdə istintaqçı – müstəntiq, bəzən polis əməkdaşı, dövlət təhlükəsizlik orqanlarının nümayəndəsi, prokurorluq və məhkəmə, eləcə də peşəkar hərbiçi kimi, hətta müstəqil araşdırıcı dedektiv kimi də özünü hiss edə bilər.
Müəllif bəzən “Şeytanın siması” adlandırdığı əsərin əsas mənfi obrazı - Riada acıyır. Onun belə qəddar, amansız vəhşiyə çevrilməsində günahkar olanları qınayır. Çünki Riad normal ailədə doğulsa da, valideynlərini uşaq yaşlarında itirməsi onun həyatı dəyişir. Orta məktəbdə əlaçı şagirdlərdən olan Riad valideynlərini itirəndən sonra tamam dəyişir. Qoca nənəsi onu lazımi qaydada tərbiyə etmir və nəticədə Riad məktəbdən uzaqlaşıb avara uşaqlara qoşulur. Daha sonra oğurluq edir və həbsxanaya düşür. Həbsxanadan tamam başqa bir Riad qayıdır. Sonrada onun həbsində günahlandırdığı qonşusunun 13 yaşlı qızını zorlayan Riad buna görə yenidən həbsxanaya düşür. Lakin bu dəfə onu başqa bir həbsxana həyatı gözləyir. Dünyanın əksər ölkəsində zorlamaya görə həbsə düşənlərin özü orada məhz “eyni formada” cəzalandırılır. Riad da bu dəhşətləri yaşayır və bu onu daha da vəhşiləşdirir. Əslində bu həm də cəmiyyətin üzqarasıdır.
Yazıçı real cizgilərlə həyatın sərt tərəflərini, müxtəlif psixoloji halları, maraqlı surətlər qalereyasını yaratmaqla cəmiyyət problemlərinə aydın, açıq baxış sərgiləyib ki, bu da romanın daha da oxunaqlı edib. Peşəkar ədəbiyyatçılar yaxşı bilirlər ki, Azərbaycanda çağdaş milli bədii nəsr əsərlərində ictimai məsələlər, sosial-mənəvi problemlər qabardılır. Lakin daha çox publisitlik üslubda, bəzən pafosdan o yana inkişaf edə bilmir. Maraqlı tərəflərdən biri də odur ki, “Şeytanın siması”nda Müşfiq Abbasov Azərbaycan cəmiyyətini indiki halını bütün çılpaqlığı ilə romanında kəskin, pafoslu cümlələrdən uzaq bir dillə canlandırır. Hətta 44 günlük müharibəyə də toxunur.
Əsər baş verən bütün hadisələr bütün xırdalıqları ilə ədəbi dildə çatdırılsa da, əsərin birdən-birə sonlandırılması oxucunu çaşdırır. Bu Müşfiq Abbasovun özünəməxsus ədəbi priyomu olsa da, mən belə tez bitməsini istəməzdim. Çünki istər Riadın, istərsə də digər mənfi obrazların etdikləri cinayətləri asta-asta və bütün çılpaqlığı ilə oxucuya diqtə edən yazıçı cinayətkarları demək olar ki, bir-iki cümlə ilə cəzalandırır.
Bununla yanaşı əsərdə polis əməkdaşlarının, prokurorluq nümayəndələrinin böyük peşəkarlıq və məharətlə cinayətin üstünü açması, igidliklə yerinə yetirdikləri vəzifə borcları haqqında hərarətli epizodlar yenə də romanın əsas üstün cəhətlərindən sayıla bilər. Özü də vaxtilə prokurorluqda önəmli vəzifə daşıyan Müşfiq Abbasov səmimi surətdə etiraf etməyə çalışır ki, fəaliyyətlərindəki bütün kəm-kəsirlərə baxmayaraq, lazım olanda hüquq-mühafizə orqanlarının rəşadətli əməkdaşları canlarından belə keçməyə hazırdılar. Bu mənada Müşfiq Abbasovun “Şeytanın siması” əsərinin milli detektiv janrından yazılan roman kimi özünəməxsus üslubu və mövqeyi ilə fərqlənəcəyinə, birnəfəsə oxunub oxucuların rəğbətini qazanacağına əminəm.
İltifat HACIXANOĞLU