Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mühüm XƏBƏR
    • 16-10-2023, 20:32
    • 531

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mühüm XƏBƏR

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 7 994 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

News24.az Metbuat.az-a istinadən bildirir ki, bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.

Ümumi göstəricinin 2 737-si ilkin, 5 257-si isə təkrar qeydiyyatdır.

Daşınmaz əmlak obyektlərindən 3 131-i fərdi yaşayış evi, 2 888-i torpaq sahəsi, 1 421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 3 620-si və yaxud 45,2 %-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Hesabat dövründə 2 612 əmlaka dair texniki pasport hazırlanıb, 3 347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5 959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 1 il əvvələ nisbətən 51,7 % çoxdur.

9 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 219 arayış verilib, 3 398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib.

Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb. 42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.