İran və ABŞ bir-birinə xəbərdarlıq ETDİ
    • 27-10-2023, 09:59
    • 98

İran və ABŞ bir-birinə xəbərdarlıq ETDİ

ABŞ prezidenti Co Bayden İrana Yaxın Şərqdə yerləşən Amerika hərbçilərini hədəf almamaq barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Bayden İrana xəbərdarlığı birbaşa İranın ali dini lideri Ayətullah Əli Xameneiyə göndərib. Con Kirbi, mesaj barədə ətraflı məlumat verməyib.

Pentaqonun açıqlamasına görə, İranla əlaqəli qrupların hücumlarının artması fonunda ABŞ personalı üçün hava hücumundan müdafiəni gücləndirmək üçün əlavə 900 ABŞ əsgəri Yaxın Şərqə yola düşüb.

Bu arada, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-a xəbərdarlıq edib ki, İsrail Qəzzaya təcavüzünü dayandırmasa, Birləşmiş Ştatlar da bu atəşdən zərərsiz qalmayacaq.

"Biz regionda müharibənin genişlənməsini alqışlamırıq. Lakin Qəzzada soyqırım davam edərsə, heç kim bu yanğından zərərsiz qalmayacaq", - nazir BMT Baş Assambleyasında ABŞ liderləri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Həmas dinc girovları azad etməyə hazırdır və dünya İsrail həbsxanalarında olan minlərlə fələstinlinin azad edilməsini tələb etməlidir.

Aynurə