"Zəfər Salnaməsi" adlı tədbir keçirildi - VİDEO
    • 3-11-2023, 14:36
    • 168

"Zəfər Salnaməsi" adlı tədbir keçirildi - VİDEO

Gənclər və İdman Nazirliyi, eləcə də Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə "Zəfər Salnaməsi" adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində qələbənin 3-cü ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə fiziki məhdudiyyətli gənclərin iştirakı ilə hazırlanan videoçarx göstərilib.

Milli Məclisin üzvü Vüqar İsgəndərov bu səpkili tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolu, eləcə də fiziki məhdudiyyəti olan insanların həyat yolunun hər kəsə nümunə olmasından danışıb.

O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların ictimai tədbirlərdə iştirakına şərait yaradılması onların cəmiyyətə inteqrasiyası baxımından son dərəcə önəmlidir:

"Bizim istər xüsusi qayğıya ehtiyacı olanlar, istərsə də şəhid ailələri və qazilərimizə etdiyimiz onların etdiklərinin çox cüzi hissəsidir. Dövlətimizin bu sahəyə qayğısı ildən-ilə artır. Düşünürəm ki, bu tendensiya davam edəcək. Bu tədbirdə iştirak etdiyim üçün çox şadam".

Milli Məclisin üzvü Jalə Əhmədova isə vurğulayıb ki, statusu ilə bağlı mütəmadi olaraq fiziki məhdudiyyətli insanlarla görüşür, onların qayğılarını dinləyir:

"Onlar Allahın sevimli bəndələridir. Bu qəbildən olan insanların yanında olmaq bizim insani borcumuzdur. Daim düşünməliyik ki, kimlərinsə bizim qayğımıza ehtiyacı var. Biz də parlamentin təmsilçisi kimi daim sizi dinləməyə hazırıq. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə fiziki məhdudiyyətli şəxslərin qayğı və problemlərinin müzakirəsi məqsədilə parlamentdə xüsusi dinləmələr təşkil olunacaq".

Fərid Azəri