“Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans - FOTO
    • 27-12-2023, 11:20
    • 221

“Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans - FOTO

Azərbaycan Dövlət İnformasiya Agentliyinin  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

R TV xəbər verir ki, konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputatlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən media orqanlarının rəhbər şəxsləri və media mənsubları iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin media sahəsindəki əsaslı islahatlarına diqqət çəkib: "1998-ci ildə media sahəsində senzuranın ləğvi, şübhəsiz, ən əhəmiyyətli addımlardan biri idi. Ölkədəki demokratik islahatların bir parçası olan bu qərar Azərbaycan mediasının inkişafı üçün yeni nəfəs oldu".

Vüqar Əliyev mətbuat üzərindən senzuranın götürülməsinin yerli jurnalistikanın formalaşmasının əsasını qoyduğunu əlavə edib.

Dövlət İnformasiya Agentliyinin sədri Ulu Öndərin layiqli davamçısı kimi Prezident İlham Əliyevin də media sahəsinə qayğısını xüsusilə qeyd edib: "Bu mənada, Kütləvi İnformasiya Vasitələri haqqında qəbul edilmiş yeni qanun media sahəsində səmərələliyin artırlmasına kömək etmişdir".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da, öz növbəsində, Ümummili Lider Heydər Əliyevin dövlət siyasəti müstəvisində mediaya olan diqqətindən bəhs edib.

"Ulu Öndər Heydər Əliyev jurnalistika peşəsinə dərin hörmət bəsləmiş, onlardan köməyini heç vaxt əsirgəməmişdir. Jurnalistlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hər zaman müvafiq fərmanlar imzalamış, qərarlar vermişdir. Mətbuat və dövlət əlaqələrinin əsasını qoyan Ulu Öndərin jurnalistlətin dostu seçilməsi bütün bu siyasətin uğurlu nəticəsi idi".

Prezident İlham Əliyevin mətbuatın inkişafı istiqamətində fəaliyyətinə toxunan Əhməd İsmayılov bu siyasəti prezidentin siyasi kursunun mühüm tərkib hissəsi adlandırıb: "Cənab Prezident İlham Əliyev fikir və mətbuat azadlığını demokratiyanın əsası hesab edir".

Mətbuat Şurasının sədri Rəşad Məcid isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindan danışıb: "Bunu cənab Prezident İlham Əliyev özünün çıxışlarında da dəfələrlə qeyd edib".

Rəşad Məcid Ulu Öndərin mətbuatı müdafiə etməsi məsələsini də xüsusilə vurğulayıb: "O hər zaman jurnalistlərin sərbəst tənqidinə şərait yaradır, lazım olsa, bu yöndə məmurları da tənqid edirdi".

Tədbirdə həmçinin Ulu Öndər Heydər Əliyev barədə fotosərgi və videoçarx da nümayiş olunub.

Yekunda "Heydər Əliyev Azərbaycandır!' ikihissəli filmindən qısa xülasə nümayiş edilib.


Aslan Nadiroğlu