Daş karxanasında qanlı dava: 28 yaşlı oğlan iş yoldaşını... — TƏFƏRRÜAT
    • 17-01-2024, 12:32
    • 380

Daş karxanasında qanlı dava: 28 yaşlı oğlan iş yoldaşını... — TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 1996-cı il təvəllüdlü Aslan iş yoldaşı Misiri bıçaqlayıb. 

News24.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 18-də Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında baş verib. Aslan iş yoldaşı Misirin guya onun içkili olması barədə karxananın müdiriyyətinə məlumat çatdırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan üzərinə qəflətən hücum edib.

O, özündə olan bıçaqla Misirə xəsarətlər yetirib. 

Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, daş karxanasında fəhlə işləyib: “Həmin daş karxanasına qaynım vasitəsi ilə işə düzəldim. Zərərçəkmiş Misiri hadisədən təqribən bir ay əvvəl tanımışam. Mayın 18-də işə gələrkən tərkibində spirt olan “Go” adlı enerji içkisi aldım. İstifadə edərək iş yerinə çatarkan avtomaşından düşəndə enerji içkisinin qabını atdım. Həmin vaxt enerji içkisinin qabının əlimdə olmasını Misir görüb. Həmin gün müdriyyət məni çağıraraq içki içməyim ilə bağlı irad tutdu və iş vaxtı spirtli içki içməməyimi tapşırdı. Mən içki içməyim barədə Misirin müdriyyətə məlumat verdiyini düşündüm. Çünki Misirdən başqa içdiyim enerji içkisinin qabını əlimdə görən olmayıb. Buna görə də bir müddət sonra Misiri tək gördükdə ona yaxınlaşaraq nə üçün müdriyyətə içki içməyim barədə məlumat verdiyini soruşdum. Bu zaman aramızda mübahisə yarandı. Misir məlumatı onun vermədiyini bildirdi və məni nalayiq söyüşlərlə təhqir etdi. Mən Misirin təhqir etməsindən əsəbləşdim. Üzərimdə olan bıçaqla Misirin kürək və bud nahiyəsindən zərbə endirərək ona xəsarət yetirdim. Bundan sonra qohumum bizə yaxınlaşdı, məni kənara çəkdi. Sonra digər əməkdaşlar gəldi və Misiri xəstəxanaya apardılar”.

İş üzrə zərərçəkmiş Misirin sözlərinə görə, Puta qəsəbəsində yerləşən daş karxanasında daşları kəsmək üçün kombayn idarə edir:

“Təqsirləndirilən Aslan da həmin karxanada fəhlə işləyib. Hadisə günü saat təxminən 14 radələrində iş başında olarkən Aslan mənə yaxınlaşdı. Mənə nə üçün karxananın müdiri Rəsula onun içkili olduğunu deməyimi soruşdu. Həmin vaxt gülə-gülə haradan bildiyini soruşdum. Aslan təkrar məndən müdirə məlumatı verdiyimi soruşdu. Mən belə bir məlumatı müdirə demədiyimi bildirdim. Aslan əlindəki bıçaqla kürəyimin sol tərəfindən vurdu. Həmin vaxt Aslanı özümdən uzaqlaşdırmaq məqsədi ilə kənara itələdim. Aslanı kənara itələyən zaman bir dəfə də bıçaqla sol budumdan vurdu. Həmin vaxt yaxınlığımızda olan Aslanın qaynı gəldi və bizi aralaşdırdı. Sonra karxananın müdiri Rəsul məni öz maşını ilə xəstəxanaya çatdırılmağım üçün apardı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aslana Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilib.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.