-
- 1-02-2024, 12:22
- 1 267
Hərbi xidmət müddəti DƏYİŞİR?
Bir sıra dünya ölkələrində, eyni zamanda qardaş ölkə Türkiyə təşəbbüsündə həyata keçirilən ödənişli hərbi xidmət təcrübəsinə keçid etməliyik.
News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı millət vəkili Elnur Allahverdiyev təklif edib.
Onun sözlərinə görə, hərbi xidmətə getməli olan şəxslər dövlət büdcəsinə müəyyən məbləğ ödəməklə müddəti azaltmaq olar. Ali təhsil almayan şəxslər 1 il 6 ay müddətində hərbi xidmətdə olur, ali təhsilli şəxs isə 1 il müddətində hərbi xidmətdə olur. Dövlət büdcəsinə müəyyən ödəniş etməklə həmin müddət 6 ay və yaxud 2 ay müddətinə endirilə bilər.
Deputat bildirib ki, hər bir şəxs hərbi xidmət borcunu yerinə yetirməlidir, lakin müddətin uzun olması ali təhsilli gənclər karyera qurmaq və hərbi xidmət müddətindən sonra adaptasiyasında çətinliklərlə üzləşirlər.
O qeyd edib ki, ali təhsil müəssisələrində hərbi kafedralar bərpa edilməlidir.
Qumral Əliyeva