İranda Novruz bahalığı - FOTO
    • 11-03-2024, 16:46
    • 200

İranda Novruz bahalığı - FOTO

İranda yeni ilin başlanğıcı sayılan Novruz martın 20-də qeyd olunacaq.

News24.az xəbər verir ki, Ramazanın gəlişi ilə Novruz arasında qısa bir müddət olduğu üçün Ramazan hazırlıqları Novruz alış-verişi və hazırlıqlarının kölgəsində qaldı.

Tehran Bələdiyyəsi Ramazan və Novruzu şəhərin müəyyən yerlərində qoyulmuş bəzi Novruza xas heykəllərə "aypara" fiquru əlavə edərək birlikdə qarşılayıb.

Əvvəlki illərdə piyadalar üçün yerüstü keçidlərə, reklam lövhələrinə asılan Ramazan bayramını qarşılayan plakatlardan bu il istifadə olunmadığı müşahidə edilib.

Küçələrdə və bazarlarda, xüsusən də Tehranın Qapalı Bazarında nisbətən artan izdihamla rastlaşmaq mümkündür.

Kütlənin yaranması alış-verişin artması kimi şərh edilsə də, dükan sahibləri bunu “quru kütlə” kimi təyin edirlər.

Dükançılar gələnlərin alış-veriş etməməsindən, bazara gələnlər isə qiymətlərin baha olmasından, alıcılıq qabiliyyətinin aşağı düşməsindən şikayətlənirlər.

Böyük Marketin qarşısında nəqliyyata bağlanan küçədə sərgi açaraq məhsullarını satmağa çalışan küçə satıcıları ilə bələdiyyə polisi arasındakı qovalama digər günlərə nisbətən artıb.

Novruz İranda ən uzun bayram olduğu üçün paytaxt camaatı bu çərşənbədən etibarən istirahət etməyi planlaşdırdıqları yerlərə getməyə başlayacaq.

İki həftə evdən uzaq qalacaq insanlar Ramazan alış-verişinə ehtiyac duymurlar. Bazarlarda görünən canlılıq ölkənin ən mühüm bayramı olan Novruza doğru bir hərəkətdir.

Böyük Marketə alış-veriş etməyə gələn Şirin Müzəffəri açıqlamasında qiymətlərə görə heç nə almadan bazarı tərk etmək məcburiyyətində qaldığını bildirib.

Alış-verişdə məqsədin uşaqlar üçün Novruz bayramı paltarları almaq olduğunu bildirən Müzəffəri xüsusilə uşaq geyimlərinin çox baha olduğunu bildirib.

Müzəffəri onun kimi başqalarının da bazardan əliboş qayıtmaq məcburiyyətində qaldığını, böyüklərin yoxluğu başa düşdüklərini, uşaqların isə “almadım” və ya “pulum yoxdur” sözlərini anlamadıqlarını bildirib. 

Ramazan ayı üçün xüsusi hazırlıq görmədiyini deyən Müzəffəri bu ayı daha çox ibadət və əməkdaşlığa diqqət yetirərək keçirəcəyini bildirib.

Alış-verişə gələn Əli Rızazadə Novruz bayramı çərçivəsində 20 gün Tehranda olmayacağını və Ramazana hazırlaşmağa ehtiyac duymadığını bildirib.

Günel Məlikzadə