Ukraynaya kütləvi hava hücumu edildi
    • 24-03-2024, 11:40
    • 133

Ukraynaya kütləvi hava hücumu edildi

Ötən gecə Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Hücum nəticəsində 133 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.

News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada baş verən terror aktından sonra xalqa müraciət edib. Hücumun Ukrayna ilə əlaqəli olduğunu iddia edən Putin, "Qaçmağa çalışdılar, Ukraynaya doğru gedirdilər. İlkin məlumata görə, hücum edənlərin Ukraynadan sərhədi keçmələri üçün keçid hazırlanıb" deyib.

Putin hücumu nasistlərin törətdiyi qırğınlara bənzədib. O, 4-ü hücumçu olmaqla, ümumilikdə 11 şübhəlinin tutulduğunu bildirib. Rusiya lideri əlavə edib ki, hücumun arxasında duran bütün günahkarlar müəyyən edilərək cəzalandırılacaq.

Putinin bu sözlərindən sonra Ukraynada yenidən hava hücumu sirenləri səslənib. Minlərlə insan sığınacaqlara düşüb. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə salınıb. Şahidlər çoxlu raketlərin havada tutulduğunu bildiriblər.

NATO ərazisinə qonşu olan Lvov şəhəri də hədəfə alınıb. Polşa silahlı qüvvələri sərhədə yaxın ərazilərin vurulmasından sonra onların döyüş təyyarələrinin həyəcan vəziyyətində olduğunu bildirib.

Günel Məlikzadə