Şəhər mərkəzindən kənardakı evlər niyə BAHALAŞIR?
    • 27-03-2024, 12:56
    • 673

Şəhər mərkəzindən kənardakı evlər niyə BAHALAŞIR?

Bir neçə il əvvəl şəhər mərkəzindən kənarda yerləşən evlərin satış qiyməti şəhər mərkəzində yerləşən evlərə nisbətən ucuz idi. İndi isə demək olar ki, mərkəzdən kənarda yerləşən evlərin satış qiyməti də şəhər mərkəzində yerləşənlərlə eynidir. Bəs, bu bahalaşma nə ilə əlaqədardır?

Bu barədə News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, bahalaşma qarşıdakı illərdə də davam edəcək:

"Müşahidələr göstərir ki, xüsusən 2022-ci ildən etibarən daşınmaz mənzil bazarında sürətli bahalaşma müşahidə edilir. Bahalaşmanın ən əsas təsirləri yeni çox mərtəbəli tikililərdə qeydə alınır. Buna isə bir neçə amil səbəb olur: Makro və mikro iqtisadi amillər, regionda baş verən hərbi-siyasi hadisələr, bundan sonra Azərbaycana axının artması, tikinti materiallarının bahalaşması və digər səbəblər daşınmaz mənzil bazarında tələbi artırdı. Hətta 2022-ci ildə son 15 ilin maksimum qiymət artımı müşahidə olunub. Həmin il bahalaşma 30 faizdən yuxarı olub. Bu proses 2023-cü ildə də davam edib və bu gün də davam etməkdədir".

Ramil Osmanlının sözlərinə görə, bahalaşmaya eyni zamanda inzibati amillər də təsir göstərib:

"Tikinti ilə bağlı qaydaların sərtləşməsi, şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə torpaq sahələrinin məhdud olması, tikintinin əsasən söküntü ərazilərində aparılması, hökümətin qəbul etdiyi şəhərsalma illə bağlı proqramlar da bahalaşmaya gətirib çıxarır. Qara Qarayev, Neftçilər, Koroğlu, metrosu yaxınlığında artıq evlərin kvadratı iki min manat hətta iki min manatdan yüksəkdir. Həzi Aslanov, Əhmədli metrosu yaxınlığında isə evlərin kvadratı min yeddi yüz manat hətta daha yüksək də satılır. Biz qiymətlərin daha da artımını müşahidə edirik". 

Ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, səbəb alıcılıq qabiliyyətinin artmasıdır: "Əvvəllər, ilk müstəqil illərində şəhərin mərkəzi kiçik idi, yəni içəri şəhər və yaxın ətrafı. Sonrakı illərdə (2000-2010) şəhər mərkəzi bir qədər böyüdü və bura 1-6-cı zonalar da daxil oldu. Sonrakı illərdə mərkəz bir qədər də böyüyüb, Nərimanov, Yasamal, Nəsimi, Səbail rayoinları əsasən tam olaraq, Binəqədi, Sabunçu və Suraxanı rayonlarının isə bir hissəsini əhatə edib. Təbii ki, şəhər infrastrukturu inkişaf etdikcə, hərəkət sürəti intensivləşdikcə və əhalinin alıcılıq qabiliyyəti artdıqca qiymətlər də zonalar üzrə bərabərləşir".

Qumral