-
- 28-03-2024, 19:11
- 178
Paşinyanı hədələdilər – “Sizi həbs və ölüm gözləyir”
Ermənistanın radikal müxalifəti Baş nazir Nikol Paşinyan və tərəfdarlarını terrorla hədəlməyə başlayıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistanın müxalif mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Yazırlar ki, son günlər hakim “Vətəndaş Müqaviləsi" Partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar, polis bölmələrinə hücumlar baş verir və sair. Müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar, hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər.
Həmin mənbələr onu da yazırlar ki, hadisələrin nəzarətdən çıxacağı halında Baş nazir Nikol Paşinyan ölkəni tərk edəcək və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər.
Müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır. Radikal müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir”.
Elxan Şahinoğlu hesab edir ki, seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Paşinyanın hökumət içində mövqelərinin zəiflədilməsinə çalışır:
“Paşinyan müxalifətin bu planlarından xəbərdardır. Ona görə də, tez-tez partiyasının qapalı toplantılarını keçirərək komandasıyla müxtəlif mövzularda müzakirələr aparır. Bu, Paşinyana ona görə lazımdır ki, kimin necə düşündüyünü özü üçün müəyyənləşdirə bilsin. Hökumət üzvləri və hakim partiya funksionerlərindən hələlik Paşinyan əleyhinə açıqlama verən yoxdur. Ancaq bunun həmişə belə olacağının təminatı da yoxdur”.